“Azərbaycan Qərb ilə Şərq arasında”

“Azərbaycan Qərb ilə Şərq arasında”

Kiyevdə Rusiyanın tanınmış jurnalist və publisisti Yuri Siqovun "Azərbaycan Qərb ilə Şərq arasında" kitabının Ukrayna dilində nəşrinin təqdimatı olub. SİA-nın məlumatına görə, Ukrayna dilinə tərcümə edilərək Xarkovdakı "Fort" nəşriyyatında çap edilmiş bu kitabda müəllifin Azərbaycanda şəhər və kənd sakinləri ilə, işgüzar adamlarla, öz vətənlərinin daha yaxşı və daha zəngin olması üçün səylərini birləşdirmiş müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələri ilə çoxsaylı görüşlərindən bəhs edilir.

Yuri Siqov kitabın "Qərbdən və Şərqdən asılı olmamağa necə nail olmalı?" adlı bölməsində ulu öndər Heydər Əliyevin genişəhatəli fəaliyyəti, eləcə də onun kursunun layiqli davamçısı, müstəqil və iqtisadi baxımdan çiçəklənən Azərbaycanın quruculuğu üzrə ardıcıl və sistemli iş aparan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti barədə söhbət açır.

Kitabda həmçinin Azərbaycanın neft sərvətlərinin mənimsənilməsi tarixi, qlobal enerji layihələrinin həyata keçirilməsi və onların regionda geosiyasi vəziyyətə təsiri barədə olduqca maraqlı və yeni informasiya toplanmışdır. Kitabda Azərbaycanın zəngin mədəniyyətinə və incəsənətinə, milli mətbəxinə də xeyli yer ayrılıb. Bu nəşr yüksək poliqrafik keyfiyyətləri ilə fərqlənir. Kitab fotoşəkillərlə zəngin illüstrasiya edilib.

Kitabın təqdimat mərasimi Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elmi-mədəni, idman mərkəzi və Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Kiyev bölməsi tərəfindən təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə