4 saylı cəzaçəkmə müəssisəsində film nümayiş etdirilib

4 saylı cəzaçəkmə müəssisəsində film nümayiş etdirilib

“Azərbaycan kinosunun 2008-2016-cı illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən cəzaçəkmə müəssisələrində yeni bədii filmlərin nümayişi davam etdirilir.

SİA-nın verdiyi məlumata görə, növbəti belə tədbir azadlıqdan məhrum edilmiş şəxslərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, onları Azərbaycan kinosunun yeni nailiyyətləri ilə tanış etmək məqsədi ilə qadın məhkumların cəza çəkdikləri 4 saylı müəssisədə keçirilib.

Tədbirdə ailə və uşaq problemlərinə, sağlam ailənin cəmiyyətdə mövqeyinə həsr edilmiş “Dərs” bədii filmi nümayiş etdirilib.

Filmin rejissoru, xalq artisti Rafiq Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin Kinemotoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, “Mədəniyyət” qəzetinin müxbiri Lalə Azəri, Dövlət Film Fondunun əməkdaşı Rəfael İmanov və Penitensiar xidmətin məsul əməkdaşı, ədliyyə kapitanı Gülgün Kərimova tədbirdə iştirak ediblər.

Məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edən ekran əsəri qadın məhkumlar tərəfindən rəğbətlə qarşılanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə