Həştərxanda III Xəzər Mediaforumu baş tutub

Rusiya Federasiyası Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin dəstəyi ilə Həştərxanda Üçüncü Xəzər Mediaforumu baş tutub. SİA-nın məlumatına görə, tədbirdə Xəzəryanı ölkələrin – Azərbaycan Respublikasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Rusiya Federasiyasının nümayəndə heyətləri iştirak edib.

Üçüncü Xəzər Mediaforumunun açılışından əvvəl Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin sammitdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Xəzəryanı ölkələrin jurnalistlərinin ifadə etdiyi ümumi fikrə görə Həştərxanda keçirilən mediaforumlar qonşu dövlətlər arasında təcrübə mübadiləsi və əməkdaşlığın möhkəmlənməsi üçün münasib məkandır.

Forumun proqramında plenar iclaslar, ustad dərsləri, stend diskussiyaları, yaradıcı görüşlər, Xəzəryanı region ölkələrinin KİV layihələrinin təqdimatı, “Sərhədsiz Xəzər” mövzusunda ən yaxşı jurnalist işi üçün müsabiqəyə yekun vurulması və digər tədbirlər nəzərdə tutulub.

Azərbaycan nümayəndə heyəti tamaşaçılara “Sarıbaş” filmini, İran jurnalistləri balıq haqqında süjeti, Qazaxıstan nümayəndələri quşların həyatına və ekoloji turizmə həsr edilmiş mediakontenti, Rusiya Federasiyasının KİV nümayəndələri – “QTRK Lotos” və “Astraxan-24” regional kanalı Həştərxan quberniyasının 300 illiyi münasibətilə hazırlanmış media layihələrini nümayiş etdiriblər.

Forumda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTv) təqdim etdiyi “Azərbaycan. Odlar yurduna səyahət” adlı film və "Aranfilm" yaradıcılıq mərkəzinin təqdim etdiyi “Sarıbaş” sənədli filmi nümayiş etdirilib. Filimlərə görə AzTv-nin baş redaktoru, aparıcı Tural Orucov və "Aranfilm" yaradıcılıq mərkəzinin bədii rəhbəri Tahir Əliyev “İnsan və Dəniz” nominasiyasına layiq görülüb.

“Azərbaycan. Odlar yurduna səyahət” filmində tamaşaçılar unikal təbiətimiz, qədim tariximiz, ölkəmizin turizm potensialı ilə tanış olmuşlar. Filmdə Azərbaycanın ən gözəl turistik marşrutları təqdim edillir. Ölkəmizin dünya xəritəsində coğrafi mövqeyindən danışılır, qədim tariximizə nəzər salınır. Bildirilir ki, alov hələ qədim zamandan Azərbaycanın rəmzinə çevrilib. İzləyicilər Bakının Suraxanı qəsəbəsindəki Atəşgah haqqında da məlumat əldə edirlər. Bildirilir ki, XVII əsrə aid məbəd UNESCO-nun qeyri maddi-mənəvi irs siyahısına salınıb.

Xəzər Media Forumu Mail.ru Group media layihələrinin baş redaktoru Olqa Sidorovanın master-klassı ilə yekunlaşıb. Olqa xanım indi tamaşaçılara rəqəmsal medianın necə baş verdiyini və 3-5 il ərzində nələr olacağını izah edib. Rəqəmsal media konsepsiyasını müəyyənləşdirən spiker, xəbərlər və idman bölmələrini və həmçinin 5 sahə: oyun, axtarış, sosial şəbəkələr, messenger və poçt portalını əhatə edən Mail.ru layihələrinin strukturunu şərh edib.

Bütün xəbərlər Facebook səhifəmizdə