Azərbaycan mədəniyyətinə ağır itki üz verib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. SİA-nın məlumatına görə, Gəncə Dövlət Kukla Teatrının direktoru Fətəliyev Bayram Aprel oğlu 2017-ci il sentyabr ayının 30-da 58 yaşında vəfat edib.

B.Fətəliyev 1975-1979-cu illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirib. 1991-ci ildə Gəncənin Kəpəz rayonu Kitabsevərlər Cəmiyyətinin məsul katibi vəzifəsində çalışıb. 1991-ci ildən Gəncə Dövlət Kukla Teatrının direktorudur.

Bu illər ərzində teatrın yaradıcılıq simasının formalaşması, teatra istedadlı gənclərin cəlb olunması istiqamətində dolğun fəaliyyət göstərib. Məhz B.Fətəliyevin rəhbərliyi ilə teatrda M.F.Axundzadənin "Xırs quldurbasan", N.Gəncəvinin "Xeyir və şər", S.S.Axundovun "Qaraca qız", A.Şaiqin "Fitnə", Ü.Hacıbəylinin "O olmasın, bu olsun" və başqa tamaşalar hazırlanıb. Bu tamaşalarla Gəncə Dövlət Kukla Teatrı 1994-cü ildə Qazaxıstanın Almatı şəhərində keçirilmiş Şərq Xalqları Beynəlxalq Kukla Teatrları Festivalında, 1996-cı ildə Gürcüstanın Kutaisi şəhərində keçirilmiş Birinci Beynəlxalq Kukla Teatrları Festivalında, 1999, 2001 və 2003-cü illərdə Türkiyənin İzmir şəhərində keçirilmiş Kukla və Kölgə Oyunları Beynəlxalq Teatr Festivalında, 2001-ci ildə Türkiyənin Bursa şəhərində keçirilmiş Qaragöz Kukla və Kölgə Teatrları Beynəlxalq Festivalında, 2005 və 2009-cu illərdə Bolqarıstanın Torqoviş və Plovdiv şəhərlərində keçirilmiş Beynəlxalq Kukla Teatrları Festivalında Azərbaycan Respublikasını layiqincə təmsil edib.

B.Fətəliyev Gəncə şəhərinin mədəni həyatında da yaxından iştirak edib.

İstedadlı təşkilatçı, gözəl insan Bayram Fətəliyevin işıqlı xatirəsi onun dostlarının, yaradıcı ziyalıların qəlbində qalacaq.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə