“Şahdağ” Turizm Mərkəzi sentyabr ayının 25-dən etibarən 2017-ci il yay mövsümünü bağlı elan edir. SİA-nın məlumatına görə, sayca beşinci olan bu yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı keçən yay mövsümlərindəki rəqəmləri üstələyərək 40 000-dən çox olmuşdur. Onların 68%-dən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 83%-dən çoxunu isə ərəb ölkələrindən gələn tursitlər təşkil edib.
Ümumilikdə əcnəbi qonaqların, xüsusilə Səudiyyə Ərəbistan, BƏƏ, Oman, Küveyt və İraq kimi ölkələrdən olan qonaqların nisbətən çoxluq təşkil etdiyi bu mövsüm də bir-birindən maraqlı tədbirləri və əyləncələri ilə yadda qalıb, mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülüb, ilk dəfə olaraq çoxdan gözlənilən dağ paraşütü hesab olunan paraplan xidməti istifadəyə verilib.
Eləcə də, bu mövsüm ilk dəfə olaraq uşaqlar üçün ingilis dilli “Şahdağ” Yay Düşərgəsi beynəlxalq pilot layihəsinin əsası qoyulmuş, 3 ay davam edən layihə çərçivəsində yay düşərgəsində Azərbaycan, Türkiyə, İran, Fransa, BƏƏ, Gürcüstan, Rusiya və Mərakeş kimi ölkələrdən 160-dan çox uşaq iştirak etmiş, “ASAN Məktub” layihəsi ilə birlikdə təşkil edilmiş xeyriyyəçilik aksiyası nəticəsində respublikanın müxtəlif bölgələrindən aztəminatlı ailələrdən olan 25 uşağa xeyriyyə məqsədi ilə düşərgədə bir həftəlik istirahət hədiyyə edilib.
Məlum olduğu kimi, ənənəvi olaraq mərkəzdə qış mövsümünün açılışı dekabr ayının ilk ongünlüyünə təsadüf edir. Qış mövsümünün açılışına kimi isə mərkəz ərazisində 5 ulduzlu “Şahdağ Hotel və Spa” fəaliyyət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB