Nazir müavini "İsrair Airlines and Tourism”in icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İsrailin aparıcı səyahət şirkəti olan “İsrair Airlines and Tourism” şirkəti arasında əməkdaşlıq əlaqələrinin müzakirəsinə həsr olunmuş görüş keçirilib. SİA-nın məlumatına görə, görüş çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və adıçəkilən şirkətin baş icraçı direktoru Uri Sirkisin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
Görüş zamanı Nazim Səmədov qonağı salamlayaraq ölkəmizin turizm potensialının xarici ölkələrdə tanıdılması və Azərbaycana daha çox turistlərin cəlb olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan tədbirlər barədə məlumat verib. Qeyd edilib ki, Mədəniyyət və Turizm Nazirliyi milli turizm sənayesinin nümayəndələri ilə birgə müxtəlif beynəlxalq turizm sərgilərində iştirak edir, B2B formatında tədbirləri, xarici ölkələrin turizm operatorları və KİV nümayəndələri üçün infoturları təşkil edir, xarici populyar televiziya kanallarında reklam yerləşdirir və digər təbliğat xarakterli layihələri həyata keçirir. Bununla yanaşı təbliğat və marketinq sahəsində Mədəniyyət və Turizm Nazirliyi ilə ölkəmizə beynəlxalq uçuşlar həyata keçirən aviaşirkətlər arasında əməkdaşlığın vacibliyi vurğulanıb.
“İsrair Airlines and Tourism” şirkətinin baş icraçı direktoru Uri Sirkis rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətlərindən söz açaraq 02 oktyabr 2017-ci il tarixindən etibarən sözügedən şirkətin həftədə 3 dəfə olmaqla Təl-Əvivdən Bakıya turpaket daxilində uçuşlar həyata keçirəcəyi haqda məlumat verib. U.Sirkis öz növbəsində Azərbaycanın İsrail vətəndaşları üçün turistik nöqteyi nəzərdən vacib istiqamət olduğunu vurğulayaraq, qısa müddət ərzində ölkəmizə çoxsaylı turistlərin gələcəyinə ümidvar olduğunu bildirib.
Görüşün yekununda Mədəniyyət və Turizm Nazirliyi və “İsrair Airlines and Tourism” şirkəti arasında bir sıra ortaq marketinq işlərinin aparılması barədə razılığa gəlinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB