Nazir müavini Höte Mərkəzinin yeni rəhbərini qəbul edib FOTO

Nazir müavini Höte Mərkəzinin yeni rəhbərini qəbul edib FOTO

Nazir müavini Sevda Məmmədəliyeva Azərbaycandakı Höte Mərkəzinin yeni təyin edilmiş rəhbəri Alfons Huq və Almaniyanın Azərbaycandakı səfirinin müavini və Səfirliyin Mədəniyyət və iqtisadiyyat şöbəsinin müdiri Tereza Şönfelt ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Höte Mərkəzinin açılmasının mədəniyyət sahəsində əməkdaşlığa töhfə verəcəyi qeyd olunub.

Sevda Məmmədəliyeva mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq barədə məlumat verib, həmçinin həyata keçirilən və təklif olunan layihələr barədə müzakirələr və müvafiq təkliflərə dair danışıqlar aparılıb. Sevda Məmmədəliyeva Azərbaycanın Almaniyada istər mədəniyyət, istər turizm sahələrində keçirilən tədbirlərdə iştirak etdiyini və Azərbaycan mədəniyyətinin Almaniyanın bir sıra şəhərlərində təbliğ edildiyini diqqətə çatdırıb.

Tereza Şönfelt Cənubi Qafqazda alman məskənlərinin salınmasına dair Göygöl, Şəmkir və alman məskənlərinin vaxtilə mövcud olduğu digər bölgələrdə həyata keçirilən layihələrin reallaşdırılması istiqamətində göstərilən dəstəyə görə Almaniyanın Azərbaycandakı Səfirliyi adından minnətdarlığını bildirib.

Sevda Məmmədəliyeva Mədəniyyət və Turizm Nazirliyi ilə Höte Mərkəzi arasında əməkdaşlığın Nazirlik ilə Səfirlik arasında mövcud əməkdaşlıq qədər məhsuldar olacağına inamını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə