Pantomimo Teatrı yeni mövsümünü “Dulusçu” tamaşası ilə açıb - FOTO

Pantomimo Teatrı yeni mövsümünü “Dulusçu” tamaşası ilə açıb - FOTO
Azərbaycan Dövlət Pantomimo Teatrı yeni mövsümünü Üzeyir Hacıbəylinin "Dulusçu" tamaşası ilə açıb. SİA-nın məlumatına görə, tamaşa dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunub. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadədir.

Tamaşanın aktyoru və teatrın direktoru Elman Rəfiyev bildirib ki, bu tamaşa ilk dəfə 2002-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. "Bu dəfə tamaşanı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə yenidən səhnələşdirdik. Nazirlikdən bizə təklif gəldi ki, bu tamaşa festivala salınsın. Teatrımızın və bu tamaşanın rejissoru Bəxtiyar Xanızadə tamaşada bəzi maraqlı dəyişiklər edib. Biz bu dəyişikləri heç vaxt demirik. Bunu bizim tamaşamıza baxan izləyicilər deyir və reaksiya verirlər. Biz bu dəyişikliyi qəbul etmək istəmirdik. Lakin sonra Üzeyir Hacıbəylinin felyetonlar kitabından 450-ci səhifəsindəki "Deviz" adlı felyetonu oxuyanda tamaşanın niyə dəyişildiyini aydın şəkildə görmək mümkündür", - deyə direktor əlavə edib.

Tamaşanın musiqi tərtibatçısı teatrın direktoru, aktyor Elman Rəfiyev, rəssamı Qurban Məsimovdur.

Rollarda əməkdar artist Bəhruz Əhmədli, Elman Rəfiyev, Nargilə Qəribova, Sabirə Həsənova, Əflatun Abdullayev, Nurlan Rüstəmov, Əli Əlizadə və başqaları çıxış edib.

Məlumat üçün bildirək ki, tamaşa dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Biz nə tövr iş görürük" adlı felyetonu əsasında hazırlanıb. Felyeton səhnələşdirilərək pantomima teatr dilinə yaxınlaşdırılıb və şərti olaraq "Dulusçu" adı ilə 2002-ci ildə tamaşaçılara təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə