Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi” partiturasının ilk nəşri təqdim edilib - FOTO

Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi” partiturasının ilk nəşri təqdim edilib - FOTO
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanda ilk dəfə olaraq professional və milli musiqimizin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin "Ləzgi rəqsi"nin ilk nəşrinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan muzeyin dierktoru Alla Bayramova bildirib ki, bu nəşr Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunub.

"Bu əsər 1972-ci ildə dirijor Əfşər Həsənovun arxivinə daxil edilib. Ola bilsin ki, bu əsəri Üzeyir Hacıbəyli özü ona təqdim edib. Bu əsər ilk dəfə dirijor Gülağa Zeynalovun ifasında 2003-cü ildə "Sirrlər və kəşflər" tədbirində səsləndirilib. İndi isə bizim muzeyimizdə səsləndirilir"- deyə muzeyin direktoru əlavə edib.

Alla Bayramova onu da qeyd edib ki, bu əsər 1932-ci ildə qələmə alınıb.

Daha sonra Mədəniyyət və Turizm Nazirlinin müavini, Azərbaycan Mili Elmlər Akademiyasının müxbir üzvü Sevda Məmmədəliyeva vurğulayıb ki, dahi şəxsiyyət olmaq hələ heç kimə nəsib olmayıb: "Lakin dahi bəstəkarımız Üzeyir Hacıbəyli bunu əldə edib. Bütün Azərbaycan xalqı Üzeyir Hacıbəylinin 125 illik yubileyini təntənəli şəkildə qeyd edir. Bizim muzeylərimiz hər zaman dahi şəxsiyyətlərimizin naməlum əsərlərini aşkara çıxardırlar. İnanıram ki, bu əsər musiqi kollektivləri üçün böyük hədiyyə olacaq".
Tədbirdə muzeyin hazırladığı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd şou da nümayiş etdirilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestrinin bədii rəhbəri Gülağa Zeynalovun dirijorluğu ilə Üzeyir Hacıbəylinin "Ləzgi rəqsi", "Koroğlu" uvertürası, "Sevgili canan" romansı,"Qaragöz", "Sən o yanda, mən bu yanda" mahnıları səslənəcək, "Günay" Uşaq Teatrı "Arşın mal alan" musiqi komediyasından fraqmentlər ifa ediblər.

Məlumat üçün bildirək ki, "Ləzgi rəqsi" partiturası Mədəniyyət və Turizm Nazirliyinin maddi dəstəyi ilə nəşr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə