Nazir müavini Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri ilə görüşüb
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Sərdar Çolukov arasında görüş keçirilib. SİA-nın məlumatına görə, qeyd etmək lazımdır ki, Sərdar Çolukovun Azərbaycana səfəri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun başçılığı altında nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
Görüş zamanı ilk növbədə iki ölkə arasında dostluq əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı. Ölkəmizdə ilk dəfə səfərdə olan cənab Çolukov öz xoş təəssüratları ilə bölüşüb və səfər çərçivəsində ölkələr arasında turizm üzrə yeni sazişin bağlanmasından məmnuniyyət hissi keçirdiyini bildirib. O həmçinin, Türkmənistanda keçiriləcək 5-ci Asya Oyunlarına AR Mədəniyyət və Turizm Nazirliyini dəvət edib.
Nazir müavini Nazim Səmədov öz növbəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun səfərinin ölkələrimiz arasında turizm daxil olmaqla əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticə verəcəyinə inandığını bildirib. Nazir müavini turizm sahəsində Azərbaycanda son illər ərzində görülən işlər haqqında məlumat verib. O həmçinin, Türkmənistan və Azərbaycan arasında viza rejiminin qarşılıqlı sadələşdirilməsi, birbaşa loukost uçuşların təşviqi, Xəzər dənizi üzrə kruiz turizminin inkişafı və bərə vasitəsilə turizm axının intensivləşdirilməsi kimi istiqamətlər üzrə əməkdaşlığı davam etdirməyi təklif edib.
Sonda Nazir müavini Nazim Səmədov Türkmənistan tərəfini 2018-ci ilin 5-7 aprel tarixində Bakıda keçiriləcək 17-ci AİTF Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak etməyə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB