Son 2 ildə ölkəmizə turist axını müşahidə olunmaqdadır. Azərbaycana gələn turistlər arasında ərəb ölkələrindən və İrandan olan turistlərin sayı xüsusilə çoxluq təşkil edir. Kütləvi turist axını olan ölkələrdə bir qayda olaraq, turizm yerli əhalinin mədəniyyətinə, həyat tərzinə öz təsirini göstərir. Hər bir turist başqa ölkəyə getdikdə öz mədəniyyətini təbliğ edir. Bəs Azərbaycana gələn ərəb və iranlı turistlərin çoxluğu Azərbaycan mədəniyyətinə, adət-ənənələrinə necə təsir edir, yaxud, onlar Azərbaycan mədəniyyətindən, adət-ənənəmizdən nəyi götürəcəklər?

Mütəxəssislər qeyd edirlər ki, turist axınının mənfi və müsbət tərəfləri çoxdur. Belə ki, ölkəyə xeyli sayda turistin gəlməsi, belə axına alışmayan əhalini qıcıqlandırsa da, xidmət sektorunda işləyən insanlar üçün əlverişlidir. Bu gün vətəndaşlarımız turist kimi xaricə gedəndə digər mədəniyyətlərdən nəsə götürərək Azərbaycana gətirirlər. Eyni zamanda, biz turist kimi getdiyimiz ölkədə öz mədəniyyətimizi bölüşürük, bizə gələn turistlər isə öz mədəniyyətlərini bizə gətirirlər. Bu da təbii prosesdir. Amma buna alışmaq üçün bir qədər zaman lazım olacaq. Davamlı turist axını olarsa, bu zaman həqiqətən də mədəniyyətlərin çuğlaşması baş verəcək.
Azərbaycana əsasən şərqli turistlərin gəlməsinin əsas səbəbi ölkəmizin Şərq və Qərbin kəsişməsində yerləşməsidir. Hər iki mədəniyyətin atributlarını özündə birləşdirən Azərbaycan şərqli turistlər üçün maraqlıdır. Ölkəmiz daha çox şərqli insanın maraq dairəsinə uyğun olduğu üçün bizim ölkəyə daha çox onların gəlməsi təəccüblü deyil. Çünki belə turistlər səyahətləri zamanı özlərini alışdıqları Şərqdə hiss edirlər və eyni zamanda Qərbi görmüş olurlar.

Azərbaycana səfər edən hər 10 turistin 7-si bura işgüzar məqsədlə gəlir. Turistlərin əksəriyyəti Azərbaycana tək gəlir və Bakıda qalmağa üstünlük verir. Bu göstəricilər BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda “Turizmin İnkişaf Layihəsi” çərçivəsində keçirilən “Xarici vətəndaşların Azərbaycana dair təəssüratlarının öyrənilməsi” barədə sorğunun nəticələrinə görə müəyyənləşib. Araşdırmanın nəticələri göstərir ki, əcnəbilərin Azərbaycana səfərlərinin əsas səbəbi onların işgüzar fəaliyyətləri ilə bağlıdır.
Azərbaycana turist kimi səfər edənlərin ümumi respondentlər arasında xüsusi çəkisi 15%-ə bərabərdir. Dost-qohumuna baş çəkməyə gələnlər 6,1%, olimpiada-yarışlara gələnlər 3,3%, başqa ölkəyə gedərkən Azərbaycandan tranzit kimi keçənlər 2,7% və s. təşkil edir. Respondentlər arasında ölkəyə müalicə, konsert və s. kimi tədbirlərdə iştirak etmək məqsədilə gələnlər də var.

Əcnəbilər Azərbaycana tək səfər etməyə üstünlük verirlər (64%), 16,1%-i dostu ilə, yalnız 13,7%-i ailəsi ilə səfərə gəlir. Xaricilərin əksəriyyəti (53%) ölkədə 1-6 gün müddətində qalmağa üstünlük verir, orta hesabla isə onların səfəri 10 gün davam edir.
Ölkəyə gələn turistlərin yalnız 18%-i rayonlara da getməyə üstünlük verir, 99%-i isə sırf Bakıda qalır. Azərbaycanda əcnəbi qonaqlar əsasən təbiəti zəngin olan və ölkənin şimal və şimal-qərbində yerləşən Quba (17%), Zaqatala (17%) və Şəki (15%) rayonlarına üstünlük verirlər. Araşdırma nəticələri göstərir ki, xarici turistlərin yarısı (48%-i) rayonlara işgüzar fəaliyyətləri ilə bağlı səfər edir. Bununla yanaşı, onlar arasında rayonlara istirahət, maraq və əyləncə məqsədilə səfər edənlər də var (35%).

Əcnəbilər Azərbaycan haqda informasiyanı əsasən internetdən alırlar (46%), ikinci mənbə dost-tanış və iş yoldaşlarıdır (40%). Nəticələr göstərir ki, ölkə haqqında məlumatların turistlərə çatdırılmasında KİV-in (TV, radio, qəzet) rolu olduqca azdır (14%).
Bakıda səfərdə olan əcnəbilərin hər 10 nəfərindən 7-si İçərişəhəri ziyarət edib. Digər ən çox ziyarət edilən yerlər Qız Qalası (61%), restoranlar (53%) və Milli Parkdır (50%). Onların Azərbaycanda ən çox bəyəndikləri yerlər də İçərişəhər, Qız Qalası və restoranlardır.

Əcnəbilərin 84%-i Azərbaycanda onlara göstərilən turizm xidmətlərinin səviyyəsindən məmnundurlar. Məmnun qalmayan 16%-in şikayət etdikləri başlıca səbəb xidmət personalının qeyri-peşəkar olması ilə bağlıdır (57%).
Bununla yanaşı, əcnəbilərin əksəriyyəti (56%) turizm xidmətlərinin qiymətlərindən narazıdır və qiymətlərin yüksək olduğunu bildirir. Narazı olan əcnəbilərin fikrincə, xidmət tarifləri 30-50% endirilməlidir.
Araşdırma nəticələri göstərir ki, əcnəbilərin Azərbaycana səfərləri zamanı adambaşına xərclədikləri orta vəsait 1100 ABŞ dolları təşkil edir. Onların 47%-i 100-600 dollar, 27%-i isə 601-1200 dollar xərcləyir.
Əcnəbilərin Azərbaycanla bağlı bəyənmədikləri başlıca məqam turizm infrastrukturunun lazımi səviyyədə inkişaf etməməsi (24%) və müasir turizm mərkəzlərinin olmaması ilə bağlıdır (23%). Əcnəbilərin əksər hissəsi Azərbaycana yenidən səfər etməyi planlaşdırır (57%). Ölkəmizə qətiyyən gələcəkdə səfər etməyəcək əcnəbilər ümumi respondentlərin 2%-ni təşkil edir.

Qeyd edək ki, 301 xarici vətəndaş arasında aparılmış sorğu iştirakçılarının orta aylıq gəliri 3 622 dollar, ailələrinin orta aylıq gəliri isə 4 390 dollar təşkil edir. Onların əksər hissəsi mühəndis (21%), menecer (13%), sahibkar (9%), müəllimdir (8%).
Məsələ ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən ilə nisbətən xaricidən gələn turistlərin sayının bu il çox olacağını bildirib. Nazir qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistin gəlişi gözlənilir: "Azərbaycanda iyun ayının 15-dən sentyabrın 15-ə kimi yay mövsümü nəzərdə tutulub. Ötən ilə nisbətən Azərbaycanda istirahət edən insanların sayı artıb. Bu yay da Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistin gəlişi gözlənilir”.

Nazir rəqəmləri də açıqlayıb: "Keçən ilin may ayında Azərbaycana 174 min turist gəlibsə, bu il rəqəm 211 min olub. Ümumi 5 ay ərzində keçən il 768 bu il 956 min turist gəlib. Bu 200 mindən çox turist artımı deməkdir. Viza rejiminim sadələşdirilmsi bu artıma xüsusi təsir göstərib".
Ə.Qarayev bölgələrimizdə istirahət etmək istəyən insanlara xoş xəbər də verib: “Hesab edirəm ki, bugünki qiymət siyasətində Azərbaycanda olan qiymət səviyyəsinə uyğun olaraq istirahət üçün qiymətlər normaldır. Araşdırma aparmışam. Elə bölgələr var ki, 10 AZN, elələri var 30 AZN-ə insanlara istirahət təklif edirlər. Bəziləri isə 5-6 nəfərlik ailə üçün 100 manata evlər təklif edir . Bu ölçülər kifayət qədər qəbul olunandır. Mən hesab etmirəm ki, 5 AZN-ə dincəlmək mümkün olsun".

Nazir açıqlamasında onu da bildirib ki, təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqda artıq insanlar hostellərin nə olduğunu aydın təsəvvür edə biləcəklər: "Prezident bununla bağlı müvafiq sərəncam verib. Qanunvericlik çərçivəsində yaşayış binalarında mehmanxana fəaliyyəti ilə məşğul olacağı zaman onun müvafiq şərtlərə əməl olunması lazımdır. Bunun üçün şərtlərin işlənərək hazırlanması ilə bağlı göstərişlər verilib. Bu tapşırıqların üzərində hazırda işləyirik. Təxminən 2 ay müddətində bu şərtlər təsdiq olunduqda artıq insanlar hostellərin nə olduğunu aydın təsəvvür edəbiləcəklər. Tendensiya göstərir ki, hostellərə insanlar, xüsusilə gənclər tərəfindən maraq var. İnsanlar normal şəraiti olan, şəhərin mərkəzində yerləşən məkanlarda məskunlaşmaq istəyirlər".
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB