Skripkaçı Nana Babayevanın konserti keçirilib

Skripkaçı Nana Babayevanın konserti keçirilib
Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunan Beynəlxalq Musiqi Festivalı çərçivəsində skripkaçı Nana Babayevanın (Azərbaycan – Meksika) pianoçu Nərminə Əfəndiyevanın müşayiəti ilə konserti keçirilib. SİA-nın məlumatına görə, konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı xarici bəstəkarların da əsərləri səsləndirilib.

Konsertdə İ.S.Bax - Çakona, E.İzai - Skripka üçün Sonata №2 (obsession, malinconia, danse desombres, les suries), F.Əmirov - Skripka və fortepiano üçün "Muğam - Poema", A.Rzayev - Skripka və fortepiano üçün Sonatina səsləndirilib.

Konsertin finalı isə M.Mirzəyevin Skertso əsəri ilə yekunlaşıb.

Skripkaçı Bakıya gəlişinin məhz Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi olmasından çox şad olduğu bildirərək: "Bakı mənim vətənimdir. Bu konsertimi təşkil etdikləri üçün Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürümü bildirirəm"- deyə əlavə edib.

Qeyd edək ki, Nana Spartak qızı Babayeva – 1980-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Milli Müsabiqəsində Qran-Pri, Qenrix Şerinq adına Beynəlxalq Müsabiqədə IV yeri, Urgenc şəhərində (Özbəkistan) keçirilən Beynəlxalq Müsabiqədə I yeri qazanıb. Rusiya və Almaniyada qastrollarda çıxış edib.

1993-cü ildən Meksikada yaşayır. Hal-hazırda Mexiko ştatının Enrike Batisin rəhbərliyi altında Simfonik orkestrdə konsertmeyster köməkçisi vəzifəsində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə