Muğam Mərkəzində İsveçrənin “Amaltea” ansamblının konserti keçirilib

Muğam Mərkəzində İsveçrənin “Amaltea” ansamblının konserti keçirilib
Bu gün Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə İsveçrənin "Amaltea" ansamblının konserti keçirilib. SİA-nın məlumatına görə, ansamblın tərkibində Eva Schvaar, Silvia Nopper, İsabelle Schnoller, Keiko Yamaguchi və Judith Gerster iştirak ediblər.

Konsert proqramında "Violin və violençel" üçün duet, İris Szeghy "Soprano, fleyta və violençel üçün De Profundis", Jürg Wyttenbach "Soprano və violençel üçün Dörd Kanzon və iki nonsens şeir, epiqpam və madriqal", Daniel Fueterin "Soprano və klavir üçün şansonlar", Firəngiz Əlizadənin əsəri və digər musiqilər ifa edilib.

Ansamblın üzvləri jurnalistlərə açıqlamalarında bildiriblər ki, bu, onların Azərbaycana ikinci səfəridir. Azərbaycan mədəniyyəti barədə danışan əcnəbi musiqiçilər bu musiqinin milli ənənələr üzərində qurulduğunu deyiblər: "Bizim qrup səkkiz il əvvəl yaranıb. Biz Azərbaycan musiqisinə sadəcə, heyranıq. Biz xalq artisti Firəngiz Əlizadəni də yaxından tanıyırıq. Biz onun əsərlərini öyrənmişik. Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməyi arzulayırıq".

Qeyd edək ki, "Amaltea" ansamblının ifaçılıq üslubunun əsas səciyyəvi xüsusiyyəti diqqət və hissiyyatdır. Musiqiçilər ifa etdikləri əsərlərin müəllifləri ilə şəxsən əlaqə saxlayır, original əsərlərə görə onlara mükafatlar da təqdim edirlər. Bu ansambl poeziya və incəsənət tədbirlərinin keçirilməsində də yaxından iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə