F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeni ünvanda

F.Köçərli adına Respublika Uşaq Kitabxanası yeni ünvanda
Sentyabrın 21-də, saat 17:00-da Firudun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni ünvana köçürülməsi ilə əlaqədar açılış mərasimi keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək müasir tələblərə cavab verən yeni kitabxana binasını kiçik yaşlı oxucuların istifadəsinə təqdim edəcək.

Tədbirdə ziyalılar, uşaq yazarları, ictimaiyyət və KİV nümayəndələri iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il 1 yanvar tarixində Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılıb. Kitabxananın 250 minə yaxın kitab fondu, 19 min 519 nəfər oxucusu var. Kitabxanada 8 şöbə, 4 bölmə, 2 oxu zalı fəaliyyət göstərir. Kitabxananın 3 filialı isə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası respublika əhəmiyyətli kitabxana kimi Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan uşaq kitabxanalarına metodik mərkəz funksiyasını həyata keçirir.

Kitabxana respublikanın mədəni həyatında fəal iştirak edir, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hər il keçirilən ənənəvi kitab bayramlarının təşkilatçısıdır.

Kitabxanada nağıl otaqları, İncəsənət otağı, böyük və kiçik oxu zalları, Elektron resurslar bölməsi, Multimedia, İnternet-resurs mərkəzləri yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə