Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümə start verdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünə start verib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, mərasimdə giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar artist Mübariz Həmidov mədəniyyət ocağında toplanan hər kəsi salamlayaraq teatr mövsümünü açıq elan edib. Yeni teatr mövsümündə sənətsevərləri zəngin repertuar gözlədiyini, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinin açılışa təsadüf etməsini sevindirici hal kimi qiymətləndirən direktor bəstəkarın şərəfinə təşkil olunan Beynəlxalq Musiqi Festivalının təqdirəlayiq olduğunu bildirib.

Çıxışdan sonra ölməz ədib Hüseyn Cavidin iki hissədən ibarət "Şeyx Sənan" faciəsi tamaşaçılara təqdim olunub. Səhnə əsərinin quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı, əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir.

Tamaşada rolları əməkdar artistlər Rahib Əliyev (Şeyx Əbuzər), Gülər Nəbiyeva (Zəhra), Şövqi Hüseynov (Şeyx Sənan), Nofəl Vəliyev (Şeyx Hadi), İlqar Cahangirov (Dərviş), Leyli Vəliyeva (Xumar), Qəmər Məmmədova (Nina), Seyidşah Məmmədov (Platon), aktyorlar Rövşən Abbasov (Şeyx Kəbir), Güşvər Şərifova (Əzra), Sərvər Əliyev (Şeyx Sədra), Vüqar Məmmədəliyev (Şeyx Mərvan), Bəxtiyar Kərimov (Şeyx Cəfər), Elnur Hüseynov (Anton), Eyvaz İbrahimov (Simon), Kərəm Hadızadə (papas) və digərləri canlandırıblar.

Həmin gün teatr balaca seyrçilərini də unutmayıb. Yaradıcı kollektiv Blangi Marvinin "Yatmış gözəl" iki hissəli nağıl tamaşası ilə kiçik tamaşaçılarını sevindirib.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Sevinc Həsənovadır, musiqi tərtibatı İnşalla Hüseynova, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Rolları əməkdar artist Naibə Allahverdiyeva (Kraliça), aktyorlar Elşən Şirəliyev (Kral), Asya Atakişiyeva (Gözəl), Nicat Kazımov (Füsunkar), Zülfiyyə Alhüseynova (Pərilər Kraliçası), Almaz Mustafayeva (I xanım), Güşvər Şərifova (II xanım), Müşfiq Əliyev (I lord), Natiq Fərzəliyev (II lord), Qədirhüseyn İsmayılov (aşbaz) və digərləri bölüşüblər.

Aktyor ifası, səhnə tərtibatı, dekorlar, səs effektləri, geyimlər və ümumilikdə hər bir detal səhnə əsərlərinin uğurlu qarşılanmasına təkan verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...