Kinorejissor Oqtay Mirqasımov: "Əhalidə milli kinolara deyil, əcnəbi filmlərə maraq daha çoxdur"

Kinorejissor Oqtay Mirqasımov: "Əhalidə milli kinolara deyil, əcnəbi filmlərə maraq daha çoxdur"

Kinorejissor Oqtay Mirqasımov, "Yuğ" teatrının direktoru Tərlan Rəsulzadə, teatrın aktyoru Ruslan İsmayılov tələbələrlə görüşüblər. SİA-nın məlumatına görə, Azərbaycan kinosunun real vəziyyətindən söz açan O.Mirqasımov yeni çəkilən yerli filmlərin efirdə az olmasına belə münasibət bildirib: "Bu gün yeni filmlərin təbliğatının zəif olması bir çox səbəblərlə başlıdır. İqtisadi, hüquqi amillər və tamaşaçı auditoriyasının maraq səviyyəsinin olduqca zəif olması bura daxildir. Əhalidə milli kinolara deyil, əcnəbi filmlərə maraq daha çoxdur".

"Yuğ" teatrının direktoru Tərlan Rəsulzadə isə teatr ilə kinonun fərqindən söz açaraq, istedadlı aktyorun peşəkar bacarıqlarının kinolarda tükəndiyini və aktyorların yenidən tamaşaya can atdığını bildirib. O, insanların teatra üz tutmasının səbəbini tələbələrə izah etdi: "Teatra getmək, tamaşaları seçmək hər bir kəsin zövqündən asılıdır. Lakin biz tamaşalara özümüzü tapmağa deyil, enerji almağa getməliyik. Biz fərqli səpkidə tamaşalar qoyuruq. Azərbaycana qonaq gəlmiş hər hansı əcnəbi ilk dəfə "Yuğ" teatrına gəlir. Onlar deyirlər ki, bu tamaşalar insanı düşündürür. Burada aktyor qoyulan pyesin müəllifinə çevrilir".

Aktyor Ruslan İsmayılov isə teatrın tarixindən söz açaraq aktroyu olduğu teatrın fərqli cəhətlərindən söz açıb: "Yuğ" teatrının məğzini rituallar təşkil edir. Bura dini mərasimlər, ayinlər daxildir. Qoyulan tamaşada biz tamaşaçı arasında bağlantı yaradırıq. Bir sözlə, tamaşaçı tamaşanın canlı hissəsinə çevrilir".

Bütün xəbərlər Facebook səhifəmizdə