Firəngiz Əlizadə: “Üzeyir Hacıbəyli sivilizasiyalar dialoqunun ilk memarı idi” - MÖVQE

Firəngiz Əlizadə: “Üzeyir Hacıbəyli sivilizasiyalar dialoqunun ilk memarı idi” - MÖVQE
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi münasibəti ilə təşkil olunan tədbirlər çərçivəsində bəstəkarın ev muzeyində "Üzeyir Hacıbəyli -125" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Üzeyir bəyin mətbuatın inkişafındakı rolundan, ədəbi-bədii dəyərini itirməyən həmişə aktual olacaq publisistikasından, felyetonlarından danışıb: "Üzeyir Hacıbəyli Azərbaycan xalqının tarixində, mədəniyyətində, milli oyanışında əbədi iz buraxan dahi bir şəxsiyyətdir. O, müqəddəs ad olaraq bütün xalq tərəfindən daim hörmətlə anılacaq".

Tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə qeyd edib ki, hər ilin sentyabr ayında Üzeyir Hacıbəylinin müqəddəs xatirəsi yad edilir. "Hər il daha dərindən dərk edirik ki, dahi sənətkar və bəstəkar Azərbaycan musiqinə nə qədər böyük töhfələr verib. Bundan başqa, Heydər Əliyev Fondu ilə birgə hazırlanan layihəyə əsasən "Koroğlu" operasının partiturası 5 cilddə işıq üzü görüb. "Leyli və Məcnun" operasının partiturasının nəşri isə yaxın vaxtlarda başa çatacaq. Bununla yanaşı, hər il onun yeni əsərlərini dərc edirik və onun tədqiqatları daha çox uşaqlara və bizim gənc nəsillərə təqdim olunur. Üzeyir Hacıbəyli bizim üçün tükənmiz irs qoyub gedib. Biz nə qədər də onun yaradıcılığını öyrənsək, yenə onun açılmamış çoxlu sirrləri mövcuddur. Onun mahnıları çox nikbin və klassik səviyyədə səslənir. O, türk dünyasının ilk şəxsiyyətidir ki, bu iki ölkə arasında körpünü inşa edib. Bundan başqa, o sivilizasiyalar dialoqunun ilk memarı idi",-deyə o əlavə edib.
Məlumat üçün bildirək ki, tədbirdə amerikalı bəstəkar Con Henksin Üzeyir Hacıbəyliyə həsr olunmuş yeni əsəri də muzeyə hədiyyə olunub. Mərasim "Cantempo" qrupunun ifası ilə davam etdirilib. Qrup Üzeyir bəyin əsərlərini yeni oranjemanda təqdim edib, eyni zamanda gənc bəstəkarların Üzeyir Hacıbəyliyə həsr olunmuş yeni əsərləri də səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə