Fərhad Bədəlbəyli: “Bakı Musiqi Akademiyasının bütün binası Üzeyir bəyin kafedrasıdır”- FOTOSLAYD
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının önündə konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününün 1995-ci ildən etibarən prezident Heydər Əliyevin xüsusi sərəncamı ilə Musiqi Günü kimi qeyd edildiyini diqqətə çatdırıb.
Ə.Qarayev bu il artıq ikinci dəfə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar Beynəlxalq Musiqi Festivalının keçiriləcəyini açıqlayıb. Nazir mərasimdə çıxışı zamanı Azərbaycanda illərdir təntənəli şəkildə qeyd olunan bayram münasibətilə Azərbaycan mədəniyyət və incəsənət xadimlərini, eləcə də musiqisevərləri təbrik edib.
Daha sonra akademiyanın rektoru, xalq artisti Fərhad Bədəlbəyli qeyd edib ki, Üzeyir bəy klassik musiqimizin yaradıcısıdır: "Necə ki, Şekspirin "Otello"su məşhurdursada, eləcə də Üzeyir bəyin də bütün əsərləri dünyada tanınır. O, əsl klassikdir. Biz hər zaman onun abidəsinin qarşısından keçəndə ona salam veririk. Hərdən də dərdlərimizin onunla bölüşürük. 20-30-cu illərdə onun üzərində çox böyük təhlükələr var idi. "Arşın mal alan" və "Koroğlu" operası Stalinin o qədər xoşuna gəldi ki, o zaman repressiya dövründə Üzeyir bəyə toxunulmadı. Ən böyük xöşbəxtlik odur ki, bu gün biz hamımız - istər işçilər, istərsə də bəstəkarlar Üzeyir bəyin çörəyini yeyirik. Çünki o olmasa idi nə bu bina, nə bizim musiqi təhsilimiz, nə də böyük bəstəkarlıq məktəbi olardı. Üzeyir bəy renessans insan idi. O həm filososf, həm dramaturq, həm maarifçi , həm də jurnalist idi. O, Leonardo da Vinçi kimi bir insan idi. Hər bir sahədə onun izi var. Mən çox xöşbəxtəm ki, babam onunla çiyin-çiyinə çalışıb. Çalışacam ki, bundan sonra da o, ənənələri imkan daxilində davam etdirim".
F.Bədəlbəyli onu da qeyd edib ki, akademiyadakı bütün kafedralarda Üzeyir bəyin irsini dərindən öyrənilir: "Onun bütün məqalələri, əsərləri təhlil edilib öyrənilir. Bir sözlə bütün bu akademiyanın binası onun kafedrasıdır",- deyə əlavə edib.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə çıxış edərək Üzeyir Hacıbəylinin yaratdığı hər bir əsərin əsrlərlə yaşayacağını və bütün dünya ölkələrində seviləcəyini vurğulayıb. Çıxışlardan sonra məxsusi olaraq bu gün üçün hazırlanan konsert proqramı nümayiş etdirilib.
Konsert proqramında Uşaq-Gənclər Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının və Müdafiə Nazirliyinin nümunəvi Hərbi Orkestrinin ifasında dahi bəstəkarın əsərləri ifa olunub. BMA qarşısında keçirilən tədbirdə çoxsaylı musiqiçilərlə yanaşı, Üzeyir Hacıbəyli yaradıcılığının pərəstişkarları da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB