Ağasadıq Gəraybəylinin 120 illik yubileyi keçiriləcək SƏRƏNCAM

Ağasadıq Gəraybəylinin 120 illik yubileyi keçiriləcək SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir:

2017-ci ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Ağasadıq Ağəli oğlu Gəraybəylinin anadan olmasının 120 illiyi tamam olmuşdur.

Ağasadıq Gəraybəyli geniş yaradıcılıq diapazonuna malik böyük sənətkar kimi Azərbaycanın zəngin mədəniyyət salnaməsində özünəməxsus layiqli yer tutur. Onun milli dram teatrının səhnəsində və kinematoqrafiyada professionallıq baxımından son dərəcə müvəffəqiyyətlə canlandırdığı müxtəlif xarakterli obrazlar yüksək bədii təsir qüvvəsini qoruyub saxlamış dəyərli sənət nümunələridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli teatr və kino sənətinin inkişafına töhfələr vermiş görkəmli sənətkar Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

QEYD: Ağasadıq Gəraybəyli 1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar"" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır.

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu olub.

1988-ci ildə Bakı şəhərində vəfat edib.

2007-ci ildə anadan olmasının 110 illiyi və səhnə fəaliyyətini 80 illiyi təntənəli şəkildə qeyd olunub.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin babasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə