İranda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılış mərasimi keçirilib FOTOLAR
Tehranın Vəhdət sarayında Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın mədəniyyət və islami irşad naziri Salehi Əmiri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkmən, ölkəmizin İrandakı səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər, Tehran ictimaiyyətinin nümayəndələri, səfirlər və ziyalılar iştirak ediblər.
Mərasimdə əvvəlcə iki ölkənin dövlət himnləri səsləndirilib. Quran ayəsi və görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın şeiri səslənib.
İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən Azərbaycan nümayəndə heyətini salamlayıb. Bildirib ki, mədəniyyət günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına öz töhfəsini verəcək.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edib. Nazir qeyd edib ki, belə tədbirlərin keçirilməsi ölkələrimiz və xalqlarımızın bir-birinə bəslədikləri mehriban qonşuluq və dostluq münasibətlərinin dərin köklərə malik olmasına bariz sübutdur. İki ölkə arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir. Münasibətlərimiz bir çox sahələri əhatə edir və ildən-ilə genişlənir.
Vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhaninin himayəsi ilə iki ölkə arasında müxtəlif layihələr həyata keçirilir. Azərbaycan və İran beynəlxalq əhəmiyyətli layihələrdə bölgə üzrə aparıcı dövlətlərə çevriliblər. İki ölkə arasında iqtisadiyyat, energetika, nəqliyyat, rabitə, tibb, mədəniyyət və digər sahələr üzrə əməkdaşlıq əlaqələri inkişaf edir.
Mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün böyük imkanlar var. İki ölkə qarşılıqlı olaraq mədəniyyət tədbirləri təşkil edir, beynəlxalq turizm sərgilərində iştirak edir. UNESCO və Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstək nümayiş olunur.
Nazir bildirib ki, ikitərəfli əməkdaşlıq İrandan Azərbaycana gələn turistlərin sayına da müsbət təsir göstərir. Bu il Novruz bayramında 60 mindən çox İran vətəndaşı Azərbaycana qonaq gəlib. Bu bizim üçün sevindirici haldır. Bakı şəhərinin özünəməxsus gözəllikləri var və İran vətəndaşlarını cəlb edir. İnanıram ki, Azərbaycan iranlılar üçün ənənəvi istirahət mərkəzinə çevriləcək.
Diqqətə çatdırılıb ki İranda Azərbaycan mədəniyyəti günləri 2010-cu ildə, Azərbaycanda isə İran mədəniyyəti günləri 2011-ci ilə keçirilib. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Azərbaycan mədəniyyət günləri təkcə paytaxt Tehranda deyil, İsfahan şəhərində də keçiriləcək. Tehranda Azərbaycan kinosu həftəsi, fotosərgi təşkil olunub, teatr tamaşası nümayiş etdiriləcək, turizm sənayesi nümayəndələrinin görüşü olacaq.
Əbülfəs Qarayev qeyd edib ki, mədəniyyət sahəsində münasibətlər xalqlar və dövlətlər arasında əlaqələrin yaxınlığı və digər sahələr üzrə əməkdaşlıq potensialının göstəricisidir. İranda Azərbaycan mədəniyyəti günlərinin belə geniş formada təşkili də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir.
Nazir tədbirlərin keçirilməsi üçün göstərilən köməyə və yaradılan şəraitə görə İran rəhbərliyinə minnətdarlığını bildirib.
Mərasimdə çıxış edən İranın mədəniyyət və islami irşad naziri Salehi Əmiri qarşılılıqlı əməkdaşlıq üçün yaradılan bu şəraitə görə hər iki ölkənin dövlət başçılarına minnətdarlıq edib. Qeyd olunub ki, İran ilə Azərbaycan bundan sonra da bütün sahələr üzrə əlaqələrini genişləndirməlidir. İran Azərbaycan ilə münasibətlərin inkişafına heç bir məhdudiyyət tətbiq etmir. Rəsmi Tehran Azərbaycanı özünün yaxın dostu hesab edir.
Digər sahələrdə olduğu kimi, turizm sahəsində də əməkdaşlığın inkişaf etdiyini deyən iranlı nazir İran vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiyini xüsusi qeyd edib. Bildirib ki, bu cür tədbirlər həm mədəni əlaqələrimizə, həm də turizm əlaqələrinə əlavə zəmin yaradır. Vurğulanıb ki, Azərbaycan dili İranda geniş yayılıb və öz şirinliyi ilə seçilir. Mədəniyyət, adət-ənənə, milli mənəvi dəyərlər baxımından oxşar olan xalqlarımız daim sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir, hökumətlər də xalqların bu istəyini reallığa çevirirlər.
Nəzərə çatdırılıb ki, sərhədlər yalnız dövlətlər arasında mövcuddur. Xalqlar arasında isə heç bir sərhəd ola bilməz.
Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.
Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə başlayan proqramda daha sonra Tofiq Bakıxanovun “İran-Azərbaycan dostluq marşı” səslənib.
Xalq artisti, vokalçı Samir Cəfərov, xanəndə, Naxçıvan MR-nin Əməkdar artisti Ehtiram Hüseynov, eləcə də əməkdar artistlər Mircavad Cəfərov (ud), Şirzad Fətəliyev (balaban), Sahib Paşazadə (tar), Çinarə Heydərova (kanon), Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mübariz Əliyev (saz) və gənc estrada müğənnisi Fəxri Kazım Nicatın ifaları alqışlarla qarşılanıb.
Konsert proqramında Qara Qarayevin “İldırımlı yollarla” baletindən rəqs, Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, Niyazinin “Qaytağı”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Həsən Rzayevin “Çahargah”, Tofiq Quliyevin “Sənə də qalmaz” əsərləri, “Qarabağ” şikəstəsi və digər musiqilər səsləndirilib. Ən yaddaqalan məqamlardan biri Rauf Hacıyevin məşhur “Azərbaycan” mahnısının səslənməsi olub.
Vəhdət sarayına toplaşanların zövqünü oxşayan konsert proqramı iranlılarla yanaşı bu ölkədə səfərdə olan əcnəbilərə də unudulmaz anlar yaşadıb.
Bu gün Azərbaycan həm müasir, həm də qədim tarixi, adət-ənənələri, dini dəyərlərin qorunub saxlaması ilə seçilən bir ölkə kimi tanınır. Müxtəlif ölkələrdə təşkil edilən sərgilər, mədəniyyət günləri, qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği eyni zamanda ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin daha da yüksəlməsinə töhfədir. İranda keçirilən mədəniyyət günləri də bu amala xidmət edir.
Qeyd edək ki, iyulun 4-də mədəniyyət günləri çərçivəsində Tehranda Azərbaycan kinosu həftəsinə də start verilib. Kino həftəsi rejissor Elçin Musaoğlunun “Nabat” filminin nümayişi ilə başlayıb. “Azərbaycanfilm”in istehsalı olan ekran əsəri Qarabağ müharibəsinin dramatik hadisələrindən birini əks etdirir. Filmin ərsəyə gəlməsində iranlı kino mütəxəssisləri də iştirak ediblər, baş rolu isə iranlı aktrisa Fatimə Motamed Arya oynayır. İndiyədək 30-dək beynəlxalq festivalda iştirak edib, müxtəlif mükafatlar qazanan film iranlı tamaşaçılar tərəfindən də maraqla qarşılanıb.
Kino proqramına həmçinin “Buta” (quruluşçu rejissor İlqar Nəcəf), “Çölçü” (Şamil Əliyev), “Nabat” (Elçin Musaoğlu), “Yarımçıq xatirələr” (Elxan Cəfərov), “Dərs” (Rafiq Əliyev, Cavid Təvəkkül) bədii filmləri daxildir.
Bundan əlavə, Tehranda Azərbaycan Dövlət Musiqili Teatrının Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası əsasında hazırladığı eyniadlı tamaşanın nümayişi nəzərdə tutulur.
İyulun 5-dən mədəniyyət günləri İsfahan şəhərində də davam edir. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və iranlı musiqiçilərin iştirakı ilə burada konsert proqramı keçiriləcək.
İranda Azərbaycan mədəniyyəti günləri iyulun 8-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB