Azərbaycan və Rusiya sağlamlıq turizmi assosiasiyaları əməkdaşlıq sənədi imzaladı
Rusiya Sağlamlıq Turizmi Assosiasiyasının sədri Yelena Trubnikova və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) rəhbəri Ruslan Quliyev qarşılıqlı əməkdaşlıqla bağlı müqavilə imzalayıb. SİA-nın məlumatına görə, sənəd özündə hər iki ölkənin müvafiq təşkilatlarının sağlıq turizmi sahəsində birgə fəaliyyətini, qarşılıqlı təbliğatı, təcrübə mübadiləsini, turist göndərişlərinin sayının artırılmasını və s. ehtiva edir.
Yelena Trubnikova sənədin Azərbaycanın və Rusiyanın turizm sahəsinə verəcəyi töhfədən danışaraq bildirib ki, assosiasiyaların qarşılıqlı əməkdaşlığı Rusiya sanatoriya-kurort müəssisələrinin nümayəndələrinə azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmağa, hər iki ölkənin bu sahənin inkişafında daha böyük uğurlar əldə etməsinə imkan yaradacaq, eyni zamanda xarici ölkələrdən Azərbaycan və Rusiyanın kurort mərkəzlərinə çoxsaylı turist axınına səbəb olacaq.
AHİSTA rəhbəri Ruslan Quliyev də öz növbəsində müqavilənin imzalanmasını yüksək dəyərləndirərək diqqətə çatdırıb ki, hazırda sağlıq turizmi ümumilikdə turindustriyanın əhəmiyyətli bir hissəsini əhatə etməkdədir: "Azərbaycan təkcə tarixi və mədəni zənginliyi ilə deyil, eyni zamanda çoxsaylı müalicəvi mərkəzləri ilə də tanınır. Bizim assosiasiyanın qarşıya qoyduğu məqsədlərdən biri də bu müalicə məkanlarını tanıtdırmaq və oraya turist cəlbini daha da artırmaqdır. Həmçinin Azərbaycanın sağlamlıq turizmi brendini yaratmaq və onu bütün dünyada tanıtmağı hədəfləmişik. Bu baxımdan, bizim planlarımız rusiyalı həmkarlarımızın fikirləri ilə tamamilə üst-üstə düşür. Bizim bir-birimizdən öyrənməli olduğumuz çox şeylər var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB