İşçi Qrupunun iclası keçirilib

Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2016-cı il tarixli Sərəncamında sərhədkeçmə prosedurlarının sadələşdirilməsi haqqında əks etdirilən tapşırıqların operativ və effektli icrasına dair mexanizm və təkliflərin hazırlanması, sərhəd-buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi və sərhədkeçmə prosedurlarının sadələşdirilməsi məqsədilə beynəlxalq təcrübənin araşdırılması, təhlillər nəticəsində əldə olunan tövsiyələrə uyğun olaraq viza prosedurlarının asanlaşdırılması ilə bağlı təkliflərin hazırlanması və bu sahə üzrə digər mühüm məsələlərin həll olunması məqsədi ilə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə işçi qrupunun iclası keçirilib. SİA-nın məlumatına görə, iclas zamanı adıçəkilən Sərəncamın icrası üçün görülmüş işlər barəsində məlumat verilib. Belə ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Beynəlxalq əhəmiyyətli sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidinin təmin edilməsi məqsədi ilə əlavə keçidin yaradılması və onların məlumatladırılması məqsədi ilə məlumat löhvələrinin, həmçinin Sərhəd buraxılış məntəqələrində hər hansı bir ödəmə və digər əməliyyatların həyata keçirməsi üçün POS terminallar quraşdırıldığı qeyd edilib.

İclasın yekunu olaraq bu istiqamətdə işlərin davam etdirilməsi üçün işçi qrupun üzvləri arasında mütəmadi olaraq məlumat mübadiləsinin aparılması, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının müştəri (turist) məmnuniyyətinin və xarici dil biliklərinin artırılması üzrə təlimlərin iyul ayından etibarən keçirilməsi və Asan Viza sistemi vasitəsi ilə viza verilən ölkələrin siyahısının genişləndirilməsi üzrə təkliflərin hazırlanması və digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə