“Qu gölü” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək

“Qu gölü” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək

İyulun 27-də və 28-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, səhnə əsəri Eldar Əliyevin xoreoqrafik adaptasiyasında təqdim olunacaq. Xatırladaq ki, baletin xoreoqrafiyası Marius Petipaya və Lev İvanova, 1950-ci ildə redaktəsi Konstantin Sergeyevə (1910-1992) məxsusdur. Balet Eldar Əliyevin xoreoqrafik adaptasiyasında Primorsk səhnəsində ilk dəfə 2015-ci il yanvarın 23-də qoyulub.

Eldar Əliyev Bakıda doğulub. O, Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. Eldar Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə