Rəşad Məcidin “10 sentyabr” adlı kitabının təqdimat mərasimi keçirilib

Rəşad Məcidin “10 sentyabr” adlı kitabının təqdimat mərasimi keçirilib
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair-publisist, AYB-nin gənclər üzrə katibi Rəşad Məcidin "10 sentyabr" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə xalq yazıçısı Fikrət Qoca, şair Səlim Babullaoğlu, Sehran Səxavət, Ramiz Rövşən, Elçin Hüseynbəyli və başqaları iştirak ediblər.
Tədbiri açıq elan edən S.Babullaoğlu bildirib ki, bu gün 11 dildə olan kitabın təqdimatına toplaşmışıq. "Kitab adi bir adamın bir neçə günündən bəhs edir. Kitabın sonunda hekayə haqqında yetərincə məlumat verilib. Bizim "DƏB" dərgisi təkcə dünya ədəbiyyatını deyil, eləcə də Azərbaycan ədəbiyyatını xarici dillərdə də çap edir. Kitabı aktual edən məqamlardan biri də 11 sentyabr hadisələri ilə üst-üstdə düşməsidir"-deyə əlavə edib.

Səlim Babullaoğlu onu da qeyd edib ki, indiyə qədər hələ heç bir müəllifin 11 dildə kitabı nəşr olunmayıb.

Kitab barədə ətraflı məlumat verən müəllif Rəşad Məcid bildirib ki, kitabda eyniadlı hekayənin orijinalı ilə birlikdə türk, ingilis, rus, macar, polyak, litva, özbək, ukrayna, gürcü və rumın dillərindəki tərcümələri, vaxtilə həmin ölkələrdəki populyar qəzet və jurnallarda, almanaxlarda çap olunan 11 variantı toplanıb. Onun sözlərinə görə, kitabın naşiri Əlişir Mirzalı, dizayner və redaktorları Mətanət Qaraxanlı və Vəfa Əhmədovdur: "Kitaba hekayə haqqında vaxtilə söz demiş tanınmış ədəbiyyatçıların-xalq yazıçıları Anarın və Elçinin, şair Ramiz Rövşənin, şair və tənqidçi Bəsti Əlibəylinin fikirlərindən fraqmentlər daxil edilib. Son söz yerinə qoyulmuş "İkinci 10 sentyabr" yazısının müəllii "Dünya ədəbiyyatı" dərgisinin və "DƏB" seriyasının baş redaktoru, şair Səlim Babullaoğludur".

Bütün xəbərlər Facebook səhifəmizdə