Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin mədəniyyət və turizm ictimaiyyətini müsəlman dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə qeyd olunur ki, müsəlman aləminin bir üzvü olan Azərbaycanda tarixən islam dəyərlərinə möhkəm bağlılıq olub. Tarixin müxtəlif mərhələlərində çətin sınaqlar qarşısında qalan xalqımız öz adət-ənənələrini, o cümlədən islam dininin dəyərlərini qoruyub yaşadıb, bu mədəniyyətin zənginləşməsinə öz töhfələrini verib. "Bu gün Azərbaycanın paytaxtında və bölgələrdə dini abidələr dövlət tərəfindən qorunur, bərpa və yenidənqurma işləri aparılır. VIII əsrin yadigarı olan Şamaxı Cümə məscidi müsəlman dünyasında ən qədim dini abidələrdən hesab olunur. Prezident İlham Əliyevin sərəncamına əsasən 2010-2013-cü illərdə bu ibadətgahda əsaslı təmir işləri aparılıb. Tarixi-dini məkanlar ölkəmizə gələn turistləri özünə cəlb edir. Hər il bu ünvanları on minlərlərlə yerli sakin və əcnəbi qonaqlar ziyarət edir".
Vurğulanır ki, dövlət başçısının sərəncamı ilə 2017-ci il ölkəmizdə "İslam həmrəyliyi ili" elan olunub. May ayının 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirilib. Bütün bunlar Azərbaycan dövlətinin islam dininə olan mütərəqqi münasibətinin, müsəlman ölkələri arasında birliyin, əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi önəmin ifadəsidir.
Nazirin təbrikində daha sonra deyilir ki, Ramazan ayı insanların sağlamlığına vəsilə olmaqla yanaşı, əxlaqın saflaşması baxımından da böyük əhəmiyyət daşıyır. İnsanın müəyyən müddətdə nəfsinə hakim olması onun mənəvi-ruhani vəziyyətinə ciddi təsir göstərir, sosial məsuliyyətini artırmağa xidmət edir. Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət və turizm ictimaiyyətinə müqəddəs bayram münasibətilə cansağlığı, uzun ömür, ailə səadəti və ölkəmizin inkişafı yolunda yeni-yeni uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB