“Elazığ çələngi” kitabının təqdimat mərasimi keçirilib - FOTO

“Elazığ çələngi” kitabının təqdimat mərasimi keçirilib - FOTO
Bu gün M.F.Axundov adına Milli Kitabxananın konfrans zalında "Elazığ çələngi" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəşad Məcid, Ozan nəşriyyatının direktoru Asif Rüstəmli, "Manas" yayım evinin rəhbəri Şener Bulud və başqaları iştirak edib.

Tədbiri açıq elan edən kitabxananın direktoru K.Tahirov bildirib ki, kitabın təqdimatının bu günə təsadüf etməsi sevindirici haldır: "Bu gün həm də Qafqaz İslam Ordusunun başda Nuru Paşa olmaqla Azərbaycana gəlməsinin ildönümüdür. Ən gözəl mədəniyyət abidələri sırasına daxil olan kitablar yalnız bizim kitabxanada qorunub saxlanır. Bu kitab da onların sırasına daxil ediləcək", - deyə əlavə edib.

Daha sonra Ozan nəşriyyatının direktoru A. Rüstəmli bildirib ki, bu gün çox önəmli bir hadisə baş verib: "Belə ki, Qafqaz İslam Ordusu məhz bu gün Bakını azad edib. Qurtuluş zamanı da 2 türkiyəli gənc şəhid olub. Biz də bu gün onların qəbirlərini ziyarət etmək üçün Fəxri Xiyabana getmişdik. Kitabın adının bu cür olması ideyası 2 il öncə Elazığda keçirilən "Xəzər şeir axşamları" poeziya bayramında qəbul olunub".

Asif Rüstəmli onu da qeyd edib ki, bu kitab Azərbaycan və Türkiyə arasında olan ədəbi- mədəni əlaqələrin inkişafında çox mühüm rol oynayacaq. "Kitabın içərisində olan şeirlərin bir qismi Azərbaycan xalqına, onun tarixi hadisələrinə həsr olunub", - deyə o əlavə edib.

Məlumat üçün bildirək ki, kitab Türkiyədə fəaliyyət göstərən "Manas" və Azərbaycanda olan "Ozan" nəşriyyatının birgə layihəsidir. Kitabın tərtibçiləri Şener Bulud (Türkiyə), Asif Rüstəmli (Azərbaycan), sponsoru Şahid Həbibbullayevdir. Kitab 300 tirajla çapa buraxılıb.

Qeyd edək ki, "Elazığ çələngi" – Çağdaş Elazığ şairlərinin şeirlər antalogiyasıdır. Bu layihə Azərbaycan – Türkiyə ədəbi-mədəni əlaqələrinə xidmət göstərmək, müasir oxucuları Elazığ poeziyası ilə tanış etmək məqsədi ilə həyat keçirilib. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə