Bakı Musiqi Akademiyasında təntənəli məzun günü

Bakı Musiqi Akademiyasında təntənəli məzun günü

Həyatın ən şirin çağları, saf və təmiz anları məhz tələbəlik illərinə təsadüf edir. SİA-nın məlumatına görə, bu illər hər insanın həyatında ən yadda qalan və unudulmaz bir mərhələdir. Təhsil müddətində bir sıra biliklərə yiyələnən gənclər elə ilk uğurlarına da həmin təhsil ocaqlarında nail olurlar. Belə təhsil ocaqlarından biri də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası neçə-neçə istedadlı tələbələr yetişdirir. Bu təhsil ocağında hər il mükəmməl biliyə yiyələnən bir sıra gənc məzun olur. Təsadüfi deyildir ki, bu gənclər bir sıra müxtəlifmüsabiqə və festivallarda uğurla iştirak edir.

Hər il olduğu kimi ənənəyə sadiq qalaraq, bu il də - 20 iyun 2017-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının səhnəsində təntənəli məzun günü qeyd olundu. Müstəqil həyata qədəm qoyan məzunlar bu əlamətdar günü çox sevinclə qarşıladılar. Qeyd edək ki, unudulmaz tədbir günündə təhsil nazirinin müavini Firudin Qurbanov başda olmaqla BMA-nın tələbə, müəllim və professor heyəti yaxından iştirak edib.

İlk öncə BMA-nın rektoru SSRİ və xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəyli səhnədə çıxış edərək gənc məzunlara öz təbriklərini çatdırıb. O, gənclərə təhsil ocağının, Ü.Hacıbəyli məktəbinin qoyduğu ənənələr əsasında bu yolu davam etdirməyi tövsiyyə edərək, dəyərli məsləhətlərini dilə gətirib. Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunları təbrik edib. Eyni zamanda xalq artisti, professor F.Ə.Qasımovanın cənab Prezident İlham Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif edilməsi sərəncamı haqqında söhbət açaraq onu səhnəyə dəvət etdi. Fidan xanım öz növbəsində məzunlara uğurlar arzulayaraq təltif olunduğu mükafat üçün minnətdarlığını bildirib.

Daha sonra BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova BMA-nın yaranma tarixindən və tələbələrin uğurundan söz açıb. Ardınca BMA-nın musiqişünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsi Fidan Rəhimli təhsil ocağından əldə etdiyi nailiyyətləri qeyd edərək öz ürək sözlərini professor-müəllim heyətinə çatdırıb.

Əlamətdar məzun günü tələbələr tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib. Ardınca rektor tərəfindən diplomların verilməsiməqamı baş tutub.

Umid edirik ki, Ü.Hacıbəylinin miras qoyduğu bu ali məbəddə daha neçə-neçə məzunlar yetişəcək və bu səbkidə ənənəvi məzun günləri uğurla qeyd olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə