İstanbul Beynəlxalq Turizm Filmləri Festivalında “Azərbaycan Günü” keçirilib

İstanbul Beynəlxalq Turizm Filmləri Festivalında “Azərbaycan Günü” keçirilib

İkinci İstanbul Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində, festivalın Təşkilat Komitəsinin təklifi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Günü” təşkil olunub. SİA-nın məlumatına görə, “Azərbaycan Günü”ndə ölkəmizi Kinematoqrafiya şöbəsinin böyük məsləhətçisi Almaz Sultanzadə, şöbənin aparıcı məsləhətçisi Aynur Nalbant və Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimovadan ibarət nümayəndə heyəti təmsil ediblər.

Mərasim keçirilən salonda Mədəniyyət və Turizm Nazirliyinin İstanbuldakı turizm təmsilçiliyi tərəfindən ölkəmizin turistik bölgələri, tarixi abidələri, adət-ənənələrini əks etdirən fotosərgi təşkil olunub. Mərasimdə diplomatlar, festival iştirakçıları, tanınmış kino xadimləri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Tədbirin açılışında Bakı Beynəlxalq Turizm Filmləri Festivalının işçi qrupu tərəfindən hazırlanmış, ölkəmizin tarix və mədəniyyət abidələrini, milli-mənəvi dəyərlərini, turizm potensialını, sosial-iqtisadi inkişafını əks etdirən görüntülərdən və Azərbaycan musiqi nümunələrindən ibarət video təqdimat nümayiş etdirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri və Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyinin icraçı direktoru Nurlana Çakmak çıxış edərək ölkəmiz haqqında qonaqlara ətraflı məlumat veriblər.

Azərbaycan suvenirləri, milli mətbəximizin müxtəlif şirniyyat nümunələri qonaqlara hədiyyə olunub. İstanbul festivalının musiqili qonağı, İngiltərənin məşhur müğənnisi Carl Ellisin əlavə rəng qatdığı milli musiqi proqramı mərasim iştirakçılarına təqdim edilib.

Sonda tədbir iştirakçıları Azərbaycan musiqisinin sədaları altında birlik və həmrəylik rəmzi olan “Yallı” rəqsini ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə