Üzeyir Hacıbəylinin imzası olduğu bütün sənədlər toplanılır - Açıqlama

Üzeyir Hacıbəylinin imzası olduğu bütün sənədlər toplanılır - Açıqlama
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi bəstəkarın imzalı olduğu bütün sənədləri toplayır. Bunu SİA-ya açıqlamasında arxivin direktoru Maarif Teymur bildirib. Onun sözlərinə görə, İncəsənət İşləri İdarəsində olan sənədlər hazırlanıb artıq redaktora verilib.

"Üzəyir bəyin rəhbərlik etdiyi Bəstəkarlar İttifaqının, eləcə də Milli Konservatoriyadakı sənədlər əsasında, hansı ki bütün sənədlərdə onun imzası var, bizim arxiv onları toplayıb. Bu sənədlərin istər rəsmi, istərsədə qeyri rəsmi sənədlər olması önəmli deyil"-deyə direktor əlavə edib.

M.Teymur onu da bildirib ki, Azərbaycanın dünya şöhrətli bəstəkarı, xalq artisti Arif Məlikovun Salman Mümtaz adına Azərbaycan Dövlət ədəbiyyat və İncəsənət Arxivində yaradılan şəxsi fondu zənginləşəcək.

Arxivin direktorunun sözlərinə görə, bəstəkarın 189 saylı fondu hələ 1980-ci ildə özünün razılığı ilə yaradılıb. O zaman fonda müxtəlif sənədlər, bəzi əsərlərin əlyazmaları, proqramlar, foto şəkillər daxil edilib.

Bundan başqa, fonda yeni sənədlər təqdim etməsi üçün Arif Məlikovla əlaqə saxlayıb və onun razılığını almışıq: "Arif müəllim razı oldu və yeni sənədlər təqdim edəcəyini dedi. Sənədləri özü seçib bizə təqdim edəcək".

Direktor vurğulayıb ki, fonda təqdim ediləcək sənədlər sırasında Arif Məlikovun rəsm əsərlərinin eskizləri də olacaq.

Daha sonra arxiv direktoru qeyd edib ki, filologiya elmləri doktoru, professor Famil Mehdinin arxivində yaradılan şəxsi fonduna yeni sənədlər daxil ediləcək. Yeni sənədlər şairin oğlu Şamil Mehdi tərəfindən təqdim olunacaq: "Hələ sağ ikən, Famil Mehdi özü arxivimizdə şəxsi fondunun yaradılmasını istəmişdi. Onda fonda çox az sənəd qəbul olunmuşdu. Amma 75 illiyilə əlaqədar fondu zənginləşdirmək məqsədilə biz onun ailəsinə müraciət etdik. Onlar da razılıq verdi. Hazırda Şamil Mehdi sənədləri toplayıb hazırlayır. Sentyabrın sonuna – Famil Mehdinin vəfat gününə qədər yeni sənədləri fonda daxil ediləcək"-deyə M.Teymur əlavə edib.

M.Teymurun sözlərinə görə, hazırlanma prosesində olan yeni sənədlərin sayı 1000-dən çoxdur. Bunların arasında Famil Mehdinin şeirləri, əlyazmaları, məktubları, pedaqoji fəaliyyətinə aid sənədlər var. Famil Mehdinin Tofiq Bayram, Fərman Kərimzadə, Qabil, Qulu Xəlilov, Nəriman Həsənzadə, Əliağa Kürçaylı və digər tanınmış şəxslərlə birgə fotoları da diqqəti cəlb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə