“Etnik musiqi inciləri” layihəsi təqdim edildi

“Etnik musiqi inciləri” layihəsi təqdim edildi

Beynəlxalq Muğam Mərkəzində “Etnik musiqi inciləri” adlı yeni layihə təqdim edilib. SİA-nın məlumatına görə, tədbir Azərbaycan və Rumıniya ölkələrinin diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuşdu. Səhnəyə Rumıniyanın Bakıdakı səfiri Dan Lanku çıxaraq, iki ölkə arasında olan diplomatik fəaliyyət, davam edən mədəni və siyasi əlaqələrdən danışıb.

Sonra Rumıniyadan gələn ifaçılar Diana Lavriç Parqel və Daniel Pop öz milli musiqilərini təqdim etdilər.Hər iki musiqiçinin ifasında Rumın kəndlisinin məhəbbəti, eşqə sədaqəti, kədəri və sevinci musiqi vasitəsilə əks etdirilib.

İfaçı Diana Lavriç Parqel əslən Rumıniyalıdır.O,Cobza (kiçik ud) alətində əsasən rumın xalq mahnılarını ifa edir.

Daniel Pop isə fleyta, truba və volinkada ifa edir. Onun repertuarına XIX əsr etnik rumın musiqisi ilə müasir musiqinin sintezi daxildir. Qeyd edək ki, hər iki ifaçının Bakıya ilk səfəridir.

Daha sonra səhnəyə Azərbaycan muğam ifaçıları Hüseyn Məlikov (xanəndə), Əməkdar artist Sahib Paşazadə (tar), Əməkdar artist Togrul Əsədullayev (kamança), Emin Cəbrayıl (nağara) çıxaraq Rumıniya ifaçıları ilə birlikdə çıxış ediblər.

Gecədə qonaq qismində ABŞ, Meksika, Fransa, Moldova , İsrail və digər səfirliklərin Bakıdakı nümayəndələri iştirak ediblər. Tədbir etnik musiqisevərlər tərəfindən böyük maraqla və gur alqışlarla qarşılanıb.

Beynəlxalq Mugam Mərkəzinin təqdim etdiyi bu möhtəşəm layihə, Azərbaycan musiqiçiləri və digər ölkələrin musiqiçiləri ilə təşkil edəcəyi sintez etnik konsertlər davamlı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə