Əlillər üçün tarixi abidələri əks etdirən maket təqdim edilib

Əlillər üçün tarixi abidələri əks etdirən maket təqdim edilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən gözdən əlil vətəndaşlarımız üçün İçərişəhəri və onun ərazisində yerləşən tarixi abidələri əks etdirən maket ictimaiyyətə təqdim edilib. SİA-nın məlumatına görə, dünya təcrübəsində istifadə olunan bu növ maket respublikamızda ilk dəfə quraşdırılıb. İş adamları Eldəniz Vəliyev və Cyril Rabbath tərəfindən xarici mütəxəssis Egbert Broerkenə müraciət edilmiş və xüsusi texnologiyalarla hazırlanmış maket “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə hədiyyə verilib.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğu İdarəsi son illər əhalinin bütün təbəqələrinin istirahətinin daha səmərəli keçirilməsi üçün bir çox mühüm tədbirlər həyata keçirib. Əhalinin belə təbəqələrindən biri də fiziki imkanları məhdud olanlardır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də hər zaman bu istiqamətdəki tədbirlərə öz töhfəsini verir.

Məlumat üçün qeyd edək ki, hələ 1784–cü ildə dünya şöhrətli pedaqoq Valentin Hayui öz şəxsi hesabına görmə qabiliyyətini itirmiş şəxslər üçün məktəb açıb. Bu məktəbdə təhsil Hayuinin özünün kəşf etdiyi şrift əsasında aparılırdı. Şrift “Unitsial” adlanırdı. 1984-cü ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən Hayuinin anadan olduğu gün 13 noyabr – “Beynəlxalq Gözdən Əlillər Günü” elan edilib.

2007-ci ilin dekabr ayının 9-da Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında Gözdən zəif və görmə qabiliyyətini itirmiş insanlara xüsusi diqqət yetirilməsi barədə müqavilə imzalanıb. Bu müqavilə əsasında bir çox işlər görülüb. Respublikamızda izdihamlı küçələrdə səsli işıqforlar, sərnişin nəqliyyatında səsli dayanacaq elanları və. s quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə