“İçərişəhər xalq çalğı alətləri ansamblı” tərbiyə müəssisəsində görüş keçirib

Bu günlərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarixi – Memarlıq Qoruq İdarəsi elmi mədəni mərkəzinin "İçərişəhər" xalq çalğı alətləri ansamblı Respublika Ədliyyə Nazirliyi Penitensiar Xidməti Tərbiyə müəssisəsində azadlıqdan məhrum olmuş yeniyetmə gənclər qarşısında konsert proqramı ilə çıxış ediblər.

Ansamblın solistlərindən "Muğam 2007" respublika müsabiqəsinin diplomatı Rəna Qafarova, Milli Konservatoriya və Mədəniyyət və İncəsənət Universitetinin məzunları Sevda Bəxtiyarova, İlahə Hüseynova, Dağıstan Respublikasının xalq artisti və Azərbaycan respublikasının əməkdar artisti Əbülfət Oğuz öz gözəl ifaları və oxuduqları şən əhval-ruhiyəli muğam və mahnılarla məhkum qarşısında xoş ovqat və əhval-ruhiyyə yaradıblar.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) ansamblın bədii rəhbəri, tarzən Şahin Verdiyevə bu konserti təşkil etdiyinə və yeniyetmə gəncləri sevindirdiyinə görə minnətdarlığını bildirib.

Tədbirin sonunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Tərbiyə Müəssisəsinin rəisi, ədliyyə polkovniki İmran Məmmədov görüş iştirakçılarına, "İçərişəhər" xalq çalğı alətləri ansamblının bütün üzvlərinə təşəkkürünü bildirərək bədii rəhbər Ş.Verdiyevə idarə adından təşəkkür məktubu təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə