Muğam Mərkəzində “Azərbaycan rəngkarlıq sənətinin kraliçası” nümayiş olunacaq

Muğam Mərkəzində “Azərbaycan rəngkarlıq sənətinin kraliçası” nümayiş olunacaq
Sentyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində Vəcihə Səmədova haqqında çəkilən "Azərbaycan rəngkarlıq sənətinin kraliçası" filminin premyerası keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycanın görkəmli rəssamı Vəcihə Səmədovanın həyat və yaradıcılığını əks etdirən filmin rejissoru Nicat Feyzullayevdir.

Məlumat üçün bildirək ki, Vəcihə Səmədova görkəmli Azərbaycan rəssamı, Azərbaycanın əməkdar incəsənət xadimidir. 1939-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alan Vəcihə xanım, sonradan V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsinə - tanınmış rus rəssamı Pavel Korinin emalatxanasına daxil olub.

O, 1951-ci ildə "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir. Müəllimlərinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova vətənə qayıtmağı üstün tutaraq, müstəqil yaradıcılığa başlayır. O, Azərbaycanın ilk pesəkar qadın rəngkarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə