Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən II Respublika Xalq Teatrları Festivalı keçirilir. SİA-nın məlumatına görə, festival iki – seçim və final mərhələlərindən ibarətdir. Xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılması Festivalın əsas məqsədləridir. Seçim mərhələsində iştirak edən xalq teatrlarına baxılması, onların sırasından müvafiq olanları Final mərhələsi üçün Bakı şəhərinə dəvət edilməsi məqsədilə münsiflər heyəti (Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Əsədov (sədr), İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, həmin şöbənin aparıcı məsləhətçisi Elgün Əliyev, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Loğman Kərimov, Gəncə Dövlət Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının Xalq artisti Pərvanə Qurbanova, Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnarə Hacıyeva) regionlara ezam edilmişdir.
Festivalın Seçim mərhələləri cari ilin 27 aprel - 31 may tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Sumqayıt, Kürdəmir, İsmayıllı, Şəmkir və Masallı regional mədəniyyət və turizm idarələrində keçirilib. Seçim mərhələsində münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş M.Ə Sabir adına Balaxanı Xalq teatrı “Heykəl danışır”, H.Sarabski adına Mədəniyyət evinin Xalq teatrı “Beş manatlıq gəlin”, Nizami adına Mədəniyyət Mərkəzinin Mərdəkan Xalq teatrı “İşdə məhəbbət məcarası”, İ.B.Qutqaşınlı adına Qəbələ rayon Xalq teatrı “Gəl qohum olaq”, Heydər Əliyev adına İsmayıllı rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı “Narkomaniya bəlası”, Cəlilabad rayon Xalq teatrı “Özümüz bilərik”, Masallı Rayon Xalq teatrı “Ana fəryadı”, Qax rayonunun Xalq teatrı “Ər və arvad”, Badamdar qəsəbə Mədəniyyət evinin Xalq teatrı “Dədə Qorqud”, Sumqayıt şəhər “28” May Diyarşünaslıq evinin Xalq teatrı “Dursunəli və Ballıbadı”, Xaçmaz rayon Xalq teatrı “Diqqət başlayırıq”, Yevlax rayon B.Səfəroğlu adına Xalq Teatrı “Oyun bitdi”, Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində Adil İsgəndərov adına Xalq teatrı “Qisas qiyamətə qalmaz”, Zaqatala rayon Xalq teatrı “Vicdan hökmü”, Beyləqan rayonu “Gənclik” Xalq teatrı “Apar məni yurduma” tamaşaları ilə çıxış edəcəklər.
Festivalın Final mərhələsi və Bağlanış mərasimi 12-14 iyun tarixində Bakı şəhərində, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcəkdir. Final mərhələsində xalq teatrlarının çıxışlarına münsiflər heyəti tərəfindən baxış keçiriləcəkdir. Daha yüksək qiymətləndirilmiş Festivalın birinci, ikinci və üçüncü yer mükafatlarına layiq görülmüş, habelə müxtəlif nominasiyalar üzrə təltif olunmuş teatrlar 14 iyun tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Festivalın bağlanış mərasimində mükafatlandırılacaqdır.
Məlumat üçün bildiririk ki, Final mərhələsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Açıq qapı” günləri tətbiq olunacaqdır. Teatr həvəskarlarını xalq teatrlarının tamaşalarına baxmağa dəvət edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB