Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti İtaliyanın Liquriya və Toskana regionlarına tədqiqat səfəri çərçivəsində həmin ölkənin müxtəlif şəhərlərində bir neçə nüfuzlu təşkilat və mədəniyyət müəssisələri ilə görüşlər keçirib. SİA-nın məlumatına görə, səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Mədəniyyət və Turizm Nazirliyinin İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində baş tutub. Mədəniyyət və Turizm Nazirliyinin Aparatının rəhbəri, Tvinninq layihəsinin Komponent rəhbəri Rafiq Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Nazirliyin bir neçə şöbəsinin əməkdaşlarından ibarət olub.
Səfər mədəni landşaftla bağlı planlaşdırma, ərazi planlaşdırma qaydalarına transformasiya yolları, eləcə də yerli mədəniyyət müəssisələrinin idarə edilməsi, ənənəvi sənətkarlıq növlərinin tətbiqi, yerli memarlıq, yerli davamlı iqtisadi inkişafa töhfə verən digər mədəni məhsullar, regionlarda marketinq və brendinq üzrə İtaliya təcrübəsinin öyrənilməsini əhatə edib.
Səfər çərçivəsində Liquriya regionunda Cinque Terre Milli Parkının direktoru, Monterosso yerli administrasiyasının rəhbəri, Vernazza şəhərsalma administrasiyasının rəhbəri, Porto Venere şəhərinin meri ilə görüşlər keçirilib və fikir mübadiləsi aparılıb. Toskana regionunda isə Castiglione və Pienza şəhərlərinin merləri, “Società Val d'Orcia” təşkilatının rəhbəri ilə görüşlər, Val d’Orcia Parkının ərazisində yerləşən istehsalçı şirkətlər tərəfindən aparılan işlərə baxış keçirilib.
Qeyd etmək lazımdır ki, həm Cinque Terre Milli Parkı, həm də Val d’Orcia Parkı ərazisi YUNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil edilmişdir. Bu regionlar turizm, eləcə də mədəni irsin və yerli mədəniyyət müəssisələrinin idarə edilməsi baxımından çox maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB