Azərbaycan musiqisi öz milli zəmini üzərində yüksəlmiş, eyni zamanda qabaqcıl dünya mədəniyyətinin gözəl ənənələrindən müəyyən dərəcədə təsirlənmiş, daha da inkişaf edib müasir səviyyəyə çatıb. Dünyanın mütərəqqi musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin inkişafında xalq musiqisi yaradıcılarının eyni zamanda xanəndələrinin böyük xidmətləri olub. Xanəndələr xalqın mənəvi aləminin, zəkasının, arzu-istəyinin ifadəsi olan xalq musiqisini təbliğ etmiş, yaşatmış, qoruyub saxlamışlar.
Əbülfət Əliyev, Xan Şuşinski, Yaqub Məmmədov, Mürşüd Məmmədov, İslam Rzayev, Arif Babayev, Qarabağ muğam ifaçılıq məktəbinin görkəmli ustalarıdır. Həqiqət Rzayeva, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Tələt Qasımov Bakı-Abşeron muğam ifaçılığı məktəbinin görkəmli ustalarıdır. Onların hər biri özünəməxsus yaradıcılıq yolu keçsə də bir çoxu Seyid Şuşinskidən, Xan Şuşinskidən öyrənmiş, daha gənc nəslin nümayəndələri Arif Babayev, Əlibaba Məmmədovdan dərs almışlar. Muğam ənənələri beləliklə gənc nəslə ötürülmüşdür. Hər bir sahə kimi, muğam sahəsi üzrə də elmin tərəqqisi labüddür. Bu baxımdan yüksək səy gənc nəslin üzərinə düşür. Sovet dövründən əvvəl Azərbaycan ənənəvi musiqisi üzrə tarixdə irs qoyan klassik muğam ifaçılarımızın səsləri sərvət kimi, vallarda, maqnitafon, video, muzey və arxivlərdə qorunub saxlanılır.
XIX əsr Azərbaycan Musiqi mədəniyyətinin ən görkəmli simalarından Əli Əsğər, onun tələbəsi Mirzə Sadıq Əsəd oğlu, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar, Mirzə Fərəc, Mirzə Mənsur və başqalarının adını çəkə bilərik. Onlar Azərbaycan klassik musiqisinin əsas cəhətlərini dərindən öyrənib bilərək, hörmət və nüfuz qazanmışlar. Məhz bu şəxsiyyətlərin bizə yeganə yadigar qalan qrammafon valları, cədvəllər, tədqiqat üçün vacib şərtlərdəndir.Hazırda bir çox muğam ustaları bu istiqamətdə çalışır, yaradıcılıq yollarında müxtəlif sınaqlardan keçərək, təcrübələr qazanırlar.
30-cu illərdən əvvəlki Azərbaycan muğam ənənələrini yenidən canlandırmaq üçün “Şərqin Səsi” ansamblının üzvlərindən olan tar musiqi alətinin mahir ifaçısı Elman Niftalı oğlu Sadıqov haqqında “Varislik ənənələri” adlı məqalədə məlumat verilmişdik. Hazırda bu ansamblın qabaqcıl üzvlərindən biri Vüqar Musayevin yaradıcılıq fəaliyyətini işıqlandırmaq istərdik. Vüqar Musayevin 06.10. 2007-ci ildə festival çərçivəsində Bergkamen, Bielefeld, Bonn, Brilon, Detmold, Dortmund, Düsseldorf, Essen, Gelsenkirchen, Gronau, Gütersloh, Hagen, Hamm, Helford, Kempen, Kleve, Köln, Münster, Paderborn, Siegen, Soest, Wuppertal şəhərlərində konsert proqramları ilə çıxış etmişdir.
Bildiyimiz kimi 2008-ci ildə Azərbaycan muğamları UNESCO-nun qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. Muğamlar improvizasiyalı formada icra edilir.
Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atıldı. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Musiqidə improvizə hiss ilə təfəkkürün qovuşuğundan yaranır. İmprovizə həm mexaniki, kimdənsə öyrənməklə vərdiş halına düşür, həm də düşünülən təfəkkür süzgəcindən keçərək qəlb və şüurda həzm edilərək ifa oluna bilir. Bu artıq yaradıcı işə çevrilərək novatorluq sayılır. Vüqar Musayevin ifasında səslənən improvizasiya elementləri bunu sübut edir. Onun ifa etdiyi muğam-dəstgahlarında intonasiyaların aydınlığı, yadda qalması, digər eyni adlı muğam cümlələrindən fərqliliyi səs palitrasının əlvanlığı buna canlı sübutdur. Vüqar Musayev “Şərqin Səsi” ansamblının əməkdaşlarından olan Elman Sadıqovun ifa etdiyi 49 mikrointerval şkalalı tar musiqi alətinin ifa tərzinə uyğun muğamları icra edərək, onlara Şərqə məxsus nəfəs gətirir. Həmin intonasiyalar melodiyanı şərtləndirən konkret elementlərdir. Motiv, fraza, cümlə və qurumlardan təşkil olunur.
Keçmiş sovet Şərq məkanının musiqişünaslıq elmində formalaşan “bədii kanon” anlayışı məhz mürəkkəb icra qanunauyğunluqları sistemi olan, yaşı minilliklərlə ölçülən monodiya və onun milli növlərini nəzərdə tutur. Kanon–yunanca qanun, etalon deməkdir. İlk dəfə bu anlayış Poliklet adlı heykəltəraşın Kanon adlı risaləsindən götürülüb. O, Doriffor adlı nizəli əsgər heykəlini yaradaraq onu kanon adlandırır. Əsərdə heykəltəraş insan bədəninin ideal tənasüblüyünə-proporsiyasına xas nəzəri dəlillər gətirir. Kanon simmetriya deməkdir. Antik dövrdə kanon özünün ölçüsü ilə insanın musiqi sahəsindəki yaradıcılığında əhəmiyyətli rol oynayır. Qədim Yunanıstanda simin müxtəlif hissələrində titrəyən, rəqs edən tonların münasibəti, interval münasibəti, bir sıra musiqi alətləri də kanon adlandırılıb.
Şifahi ənənəli professional musiqidə bədii kanon kateqoriyasının atributları makom, mukam, muğam və s. anlayışında öz əksini tapır. İncəsənətin bu növü səs düzümü təşkilinə görə intonasiya nəzərdən müxtəliflik yaratsa da, ritmik struktur və qurumlar nəzərindən sıx surətdə bağlıdır. İntonasiya prosesinin müəyyən məqsədə yönəlməsi ilə formalaşan kompozisiya modeli kimi kanoniklik-əsas struktur nəticələrini nümayiş etdirir. Musiqi strukturu nəzərindən improvizasiyalı forma əvvəldən məlum olan bəzi üslub normaları ilə möhkəmlənmiş, başqa sözlə elementlər qanuna salınmış, təsdiqlənmişdir. Nəticə olaraq kanon və impprovizasiya bir-biri ilə uzlaşaraq dialektik şəkildə bir-biri ilə bağlıdır.

Bu nəzərdən Vüqar Musayevin ifa etdiyi muğamların özünəməxsus səs düzümündəki istinad pərdələrini və müvəqqəti tonikalarının yaratdığı tetraxordları nəzərdən keçirəndə musiqişünas Sara Həsənpurun fikrinə münasibətimizi bildirmək istəyirik. O, yazır: ”Azərbaycan muğamı əsas istinad pərdələrinə söykənərək kulminasiyaya doğru hərəkət edir və yenidən ayaqda mayəyə qayıdaraq düz xəttli hərəkət edir. İran dəstgahı isə özünəməxsus maraqlı quruluşa, obrazlı deyilsə, dalğavariliyə malikdir”.
Bu məqamda tarixə üz tutaq. Qeyd edək ki, 1930-ci ildən muğamlarımız klassiklikdən müasirliyə doğru istiqamət aldı. Bu haqda Mübariz Quliyev deyir: ”Muğam əsrin əvvəllərindən formasını və məzmununu dəyişməyə üz tutur”.
Üzeyir bəyin dahiyanə reformaları, nəticəsində milli musiqi alətimiz tar qorunub saxlanıldı və onun qrifinə uyğun muğamlarımız inkişaf etdi. Və Üzeyir bəy tar musiqi alətinin qeyri-müntəzəm temperasiya sistemini qoruyub saxlasa da onları qurub yaratdığı lad səs sisteminə tətbiq etmədi. Müntəzəm, bərabər, süni, temperasiya sistemi, lad nəzəriyyəmizə, xalq çalğı alətlərimizin not əlifbasına, onun vasitəsi ilə də şifahi ənənəli musiqi irsimizə daxil olub, böyük bir mədəni inqilab etdi.
Yeni dövr, yeni ifadə vasitələri ilə yanaşı varislik ənənələrinin qorunması, yeni münasibətlərin yaranmasına gətirib çıxarır. Bu baxımdan Vüqar Musayevin xanəndəlik ifasında varislik ənənələrinin mövcudluğunun şahidi oluruq.
Musiqişünaslıq elmində soy kökə qayıtmaq, Şərq mədəniyyətinin ümumi axınına qoşulmaq, xalqın mədəniyyətinin layiq olduğu mövqeyi qazanmaq deməkdir. Müasir Şərq lad nəzəriyyəsinin daha bir maraqlı və eyni zamanda son dərəcə vacib problemi pərdə düzümlərinin temperasiya baxımından müxtəlifliyidir. Şərq ölkələrində səs düzümləri aid olduqları muğamların temperasiya kökünə uyğun gəlir. Bu ölkələrin böyük qismində ladların kök sistemi qeyri-müntəzəm temperasiyaya aiddir. Lakin Sovet Şərqi kimi tanınan məkanda qeyri-müntəzəm temperasiya ilə az qala keçmişin qalığı kimi rəftar edir, kökünü kəsməyə çalışırdılar.
Musiqişünas G.Abdullazadə yazır: ”Klassik Şərq musiqisi xüsusilə də Azərbaycan muğamları təkcə musiqi əsəri deyil, o həmdə musiqiləşmiş fəlsəfədir”.
Musiqi Şərq məmləkətlərində dərin kök salan islam dini, təlimi ilə əsrlər boyu formalaşmışdır. İslamın meydana gəlməsindən 2 əsr sonra müsəlman ruhanilərinin musiqini, təsviri sənəti yasaq etdikləri zamanlarda sufizm hərəkəti geniş vüsət aldığı çağlarda Quranın surələrini minbərlərdən , rozəxanlar müxtəlif muğamlar üstündə avazla oxumuşlar. Bu oxumalar öz aktuallığını indi də qoruyub saxlayır. Eyni surə və ayələr müxtəlif muğam kökündə hər hansı muğam səs sırasında din xadimləri tərəfindən avazla icra edilir.

Hər bir Şərq musiqisi dini musiqinin avazından qidalanır. Bu prosses əsasında musiqidə fəlsəfi dini təfəkkür, milli şüur inkişaf edir. Dini mərasimlərdə oxunan Quran, azan, mərsiyə, professional sənətin ilkin nümunəsidir. Muğam və analoji olan digər şərq xalqlarının şifahi ənənəli musiqisində özünə yer alan janrın I hissəsi muğ atəşpərəst, sasanilər dövründə və ilk müsəlman müəlliflərində zərdüştlüyün tərəfdarını bildirən anlayışdı. Bu söz Azərbaycanda, İranda, Orta Asiyada bir çox toponimlərin əsasını təşkil edir. Termin maq sözündəndir. Maq-qədim İran və ona qonşu olan ölkələrdə kahin, sehirbaz, astroloq və başqalarına deyilir. Maqlar Qərbi İranda yaranmış Məzdəkililiyin ardıcılı hesab edilir. Qərbi İranda zərdüştlüyün yayılması ilə maqlar-zərdüştlük kahinləri kimi çıxış edirlər. Maqlar qədim İranın siyasi həyatında mühüm rol oynamışlar. Onlar ilk zərdüştlüyə əsaslı dəyişikliklər gətirmiş, İranda, Parfiya və Sasanilər dövrünün zərdüştlük təlimini qorumuşlar.Bu oxumalar muğam janrının yaranmasında təkan olmuşdur.İslam sivilizasiyası, dini kökləri, əxlaqi mənəvi əsasları, əqli düşüncə karvanı Qurani Kərimdən qaynaqlanır. Dini ənənələrdən başlıcası məhərrəmilik mərasimidir.
Seyid Şuşinski yazır: ”Qarabağda mollalar kənd məscidini bəzəyir və şebehgərdanlıqda iştirak etmək üçün səsi olan gəncləri dini havalar oxutmaq üçün bu işə təşrif edərdilər. Şəbehgərdanlıqda iştirak edən gənclər bir çox havaları muğam üzərində oxuduqlarından istər-istəməz bəzi muğamları-Şüştər, Zəminxarə, Məsnəvi, Nəva üstündə oxuyardılar”.
Bülbül yazırdı:”O dövrün xanəndələri yalnız toyda və məclislərdə deyil, məhərrəmilikdə də oxumalı idilər. Məhərrəmilik və şəbehgərdanlığa 2 ay qalmış xanəndələr hazırlanır, muğam - dəstgahları yaxşı öyrənməyə məcbur olardılar. Dini ayinlərdə oxumalar, istərsə də bütöv dəstgahın ifasında muğamın melodik quruluşu-əzmli ayıq-sayıq olmağa, fikri bir yerə toplayaraq tam hazır vəziyyətdə səfərbər oolmağa çağırır. Hətta terapevt rolu oynayaraq III gözün açılmasına zəmin yaradır. Bu da meditasiyalar, təxəyyülün gecə-gündüz hərəkətdə olaraq inkişafı, dua və namaz zamanı eyni mətnin dəfələrlə təkrarı və ilahiyə olan böyük sevgidən yaranır.əbəs yerə deyil ki, Quran ayə və surələri, azan, muğamın özəyinə köklənib, hər bir muğamın melodik intonasiyası həyəcan və ya müxtəlif təəssüratlar yaşadır.
Bütün xanəndələrin o cümlədən Vüqar Musayevin ifasında səslənən muğam monodiyasının melodik qurumlarında hisslərimiz, duyğu və təəssüratlarımız, fəlsəfi mühakimələr, poetik sətrlər öz təcəssümünü tapır. Poetik misralar, Quran ayə və surələri, azan üstündə icra edilən muğam monodiyası, obrazlar axınının, məntiqi fikirlərin, hisslərin yaranmasına sövq edir. Emosional vəziyyət nəzmlə bərabər musiqi vasitəsilə çatdırılır. Yəni söz mətninin təsvir qüvvəsi daha ön plana çəkilir. İnsanın beyin yarımkürələrinə emosional təsir edir. Bu zaman mətn musiqi ilə qovuşaraq, tez anlam əldə edir.İslam incəsənəti, əxlaqi məzmun daşıyaraq, kamillik haqqında ülvi qayələri təcəssüm etdirməklə bərabər, insana yüksək mənəviyyat aşılayır. Müsəlmanda gözəlliyə, ülviliyə əxlaqi saflığa can atmaq ovqatı tərbiyə edir. Bu incəsənət möminləri zəruri varlığa - Vahid Allaha doğru yönəldir. Odur ki, islamın əxlaqi bədii qayələrindən bəhrələnən görkəmli sənətkarlar istər musiqi, istərsə də digər sahələrdə olduqca gözəl əsərlər yaratmışlar. Sonsuzluğa qədər etdirilə bilən həndəsi naxışlar, musiqidəki qurumlar, insan nəzərini Allahın qüdrətinə, birliyinə əzəmətinə cəlb edən rəssamlıq işləri, məscid divarları üzərindəki kitabələr, yazılar, ərəb nəbati naxışları və şəbəkələr dərin mənəvi məzmun, dini bədii məna daşıyır. Həmin bu sonsuz naxışlar-tətbiqi sənətin ən qədim növü xalçaçılıq, toxuculuq, tikmə sənəti, musiqidə xüsusilə muğam daxilində sonsuz işləmələr, ifalar, insanla Allah, bu dünya ilə axirət aləmi arasındakı vəhdətin incəsənət, o cümlədən musiqidə əks etdirilməsini nəzərdə tutur, mənəvi dəyərlərin mənimsənilməsinə kömək edir. O dövrdə ancaq o sənətkarlara yüksək qiymət verilmişdi ki, onların bədii ustalığı, mütərəqqi dini, fəlsəfi, siyasi, əxlaqi baxışları ilə ahəngdar olmuş, biri digərini tamamlamışdır. Bu adamların dünya duyumunun əsasını din təşkil edir. Deməli onların sənəti də əməlləri də dindən bəhrələnir.
Azərbaycanda islamlaşmanın başlanğıcı hicrətin 21-ci ilindən (642) qoyulub. Azərbaycan islam dünyasının tərkibinə daxil olmaqla böyük bir mədəni iqtisadi bölgəyə inteqrasiya olundu. Bu gün Azərbaycanda incəsənətin digər sahələri ilə yanaşı musiqi abidələri-muğam öz etik və estetik əhəmiyyətini qoruyub saxlayır. İncəsənətin bütün sahələri ilə yanaşı musiqidə, o cümlədən muğam monodiyasının daxili quruluşunda istifadə olunan ornamentli həndəsi ritmik fiqurasiyaların sonsuz sayda düzülüşü, islam mədəniyyətində dinlə mədəniyyətin ecazkar sintezi, ayrılmaz vəhdəti olduğuna işarədir. Bu metodun prosessual aspektdə böyük məna kəsb etdiyini pus musiqişünası Kuşnaryov qeyd edir. O, bunu ilişib bir-birinə qarışma metodu adlandırır.
Maraqlıdır ki, ardıcıl düzülmə prinsipi müxtəlif incəsənət növlərində universal rol oynayaraq yeni dövrün bədii yaradıcılığında da özünü qoruyub saxlamışdır.
Bu formanın hər hansı bir ölçüsü və uzadılması zamanı süjet inkişaf edir, dərinləşir, kulminasiya ən yüksək zirvəni fəth edir. Tədqiq olunan muğamlar o cümlədən Vüqar Musayevin ifasında icra olunan muğam – dəstgahlarının zidd ardıcıllığının formayaradıcı prinsipinin əsas xüsusiyyətlərindən biri də bunlardır:
1. Birinci başlanğıc qurum intonasiya nəzərdən dəyişməyib, digər qurumların əsasını təşkil edir (hər bir guşə və şöbədə);
2. Hər bir sonuncu qurum sonrakı hissələrdə təkrar olunur.
3. bir sonrakı qurum özündən əvvəlkindən yüksək səslənir, aşağı tonikada tamamlanır.Verilən qurumların qarşılıqlı icrası sonrakı cümlələrin genişlənməsinə səbəb olur və yüksəklik münasibətinə görə yeni material yaradır.
4. Kompozisiyada əsas formayaradıcı ayrı-ayrı ardıcıllıqların birləşməsi prinsipi üzərində qurulmuşsa və hər bir sonrakı qurum, əvvəlkindən həcm etibarilə böyükdürsə, yeni material hər dəfə ondan əvvəlki qurumun sonuna yerləşdirilərək tessitura diapozonuna görə daha yüksək səviyyədə göstərilir.
Beləliklə qeyd olunan qanunlar prosessual planda professional ənənəvi musiqiyə xas qanunlar sayılır. Tədqiq olunan muğamlarda eləcə də dini musiqidə sanki danışıq intonasiyaları mexaniki olaraq musiqiyə köçürülmüş, yüksəklik və metroritmik qurumlarla zənginləşərək spesifik melodiyalar yaranmışdır.
Beləliklə orta əsrlərdən bəri müsəlman xalqlarının tarixi müqəddaratının birliyi bu xalqların mədəniyyət sahəsində yaxınlaşmasına və bir-birinə qarşılıqlı təsir göstərməsinə səbəb olmuşdur.Bu baxımdan yarandığı gündən bu günə qədər bütün bunları nəzərə alaraq UNESCO millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək, anlaşmanı təmin etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi prioritet istiqamətləri özünün əsas fəaliyyəti hesab edir.
Son dövrdə baş verən hadisələr xalqın keçmişini, musiqisin, mənəvi dəyərlərini, mədəniyyət tarixini dini ənənələrlə əlaqəsini müəyyən qədər sarsıtsa da, bu əlaqəni qıra bilmədi, onu öz soy kökündən ayrı salmaq iqtidarında olmadı. Keçmiş Sovet məkanında keçirdiyimiz qapalı həyat tərzi bizi dünyadan bixəbər saldı. Keçmiş Sovet İttifaqında keçirilən simpoziuimlara xaricdən eyni alimlər gəlir, musiqimizi bizdən öyrənməyə çalışır, vətənə dönüb, bacardıqları kimi qələmə alırdılar. Fikrimizcə Azərbaycan muğamı improvizasiya baxımından ən geniş inkişaf etmiş, sərbəst vəznlidir. Özbək makomları, uyqur mukamları, Qazax küləri ilə müqayisədə Azərbaycan muğamları həqiqətən improvizasiyalıdır. Lakin dünyada digər anoloji monodik əhəmiyyəti olan xalqlar var. Bu mədəniyyətləri kifayət qədər öyrənmədən ümumiləşdirilmiş fikir söyləmək olmaz. Özünü mədəni hesab edən hər bir xalq hər şeyi özündə axtarmaqla yanaşı, dünya mədəniyyəti, həm də Şərq mütərəqqi sivil ənənələri ilə bəhrələnməlidir.
Bu baxımdan gənc xanəndə-müəllim Vüqar Musayev Azərbaycan və Şərq ənənəvi musiqisini gözəl bilərək sələflərinin davamçısı kimi öz yetirmələrinə bu yolda savad aşılayan, Azərbaycan professional musiqisinin bəşəri meyllərinin qanunauyğun məcrasını düzgün dərk edən ifaçıdır.
Vüqar İmdat oğlu Musayev 1986-cı ildə Bakıda anadan olub, əsli Qərbi Azərbaycandandır. 1993-2002-ci illərdə Sumqayıt şəhəri 23 nömrəli orta məktəbdə təhsil alıb, 2002-2006-cı illərdə Asəf Zeynallı adına Musiqi kollecini bitirib. 2004-cü ildə “Heydər işığı”adlı Respublika musiqi müsabiqəsinin qalibi olmuş, eyni zamanda 2004-cü ildə Xəzər dəniz gəmiçilik idarəsinin mədəniyyət evində pedaqoji fəaliyyətə başlayıb.2005-ci ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 120 illik yubileyinə həsr olunmuş muğam televiziya müsabiqəsinin laureatı olub. 2007-ci ildə Almaniyanın mədəniyyət nazirliyi çərçivəsində ölkə mədəniyyətini 22 şəhərdə yüksək səviyyədə təmsil edib. 2007-ci illərdən bəri dünyanın bir çox ölkələrində İngiltərədə, ABŞ-da, Almaniyada masterklasslar göstərib. 2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını xanəndəlik sinfi üzrə bitirib, hazırkı günə qədər pedaqoji fəaliyyətlə məşğuldur. Vüqar Musayev yetişdirdiyi tələbələri ilə bir çox dövlət tədbirlərində iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kəmalə Əsədullayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB