Bu il Azərbaycanın daxili turizm bazarında 15 faiz artım olub
Bu il Azərbaycanın daxili turizm bazarında 15 faiz artım olub. Bunu SİA-ya açıqlamsında Mədəniyyət və Turizm Nazirliyi Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov bildirib. Onun sözlərinə görə, 2010-cu ilin yay mövsümündə Azərbaycanın daxili turizm bazarında 15 faiz artım olub. O bildirib ki, başa çatmaq üzrə olan mövsümdə daha çox Quba-Xaçmaz, Şəki, Qəbələ-İsmayıllı bölgələrinə turist axını müşahidə olunub. Bunun səbəbi sözügedən istiqamətdə yol infrastrukturunun yenilənməsi, məsafənin az olması, həmin bölgələrdə əvvəlki illərə nisbətən turizm xidməti infrastrukturunun yaxşılaşması və genişlənməsi, eyni zamanda turizm obyektlərində göstərilən xidmətin müxtəlifliyi və çeşidliliyidir. Bununla belə, buradakı əlavə xidmətlər hələ də tam qaneedici səviyyədə deyil.
M.Qəhrəmanov onu da qeyd edib ki, cari il ərzində nazirlik əməkdaşları tərəfindən Cənub, Şimal, Şimal-Qərb bölgəsi olmaqla, 120-dən çox turizm obyektinə baxış keçirilib: "Baxış zamanı mövcud olan problemlər göstərilib, onların aradan qaldırılması üçün təkliflər verilib. Lisenziyasız fəaliyyət göstərən obyektlər haqqında Vergilər Nazirliyinə müraciət etmişik, həmin obyektlərin siyahısını açıqlamışıq və əhaliyə tövsiyə etmişik ki, həmin obyektlərin xidmətlərindən istifadə etməsinlər".
Sektor müdiri həmçinin vurğulayıb ki, turizm obyektinin sahibkarı daima öz üzərində çalışmalı, obyektində çalışan işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasına, savadlı, qonaqpərvər, xidmətin yüksək səviyyədə göstərilməsinə müvəffəq olmalıdır. "Beləliklə, apardığımız müşahidələrə əsasən deyə bilərik ki, ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Son dövrlər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, Mədəniyyət və Turizm Nazirliyinin turizm şirkətləri ilə birlikdə dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə və tədbirlərdə ölkəmizi yüksək səviyyədə təbliğ etməsi bu müsbət tendensiyanın başlıca səbəbidir", - deyə M.Qəhrəmanov əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB