“Əfsanələr paytaxtı”nın 2504 illiyi təntənəli şəkildə qeyd olunacaq

“Əfsanələr paytaxtı”nın 2504 illiyi təntənəli şəkildə qeyd olunacaq
"Əfsanələr paytaxtı" elan edilən Gəncənin 2504 illiyi münasibəti ilə şəhərdə geniş hazırlıq işlərinə başlanılıb. Bu barədə SİA-ya Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib. Məlumata görə, sentyabrın 22-23-nə planlaşdırılan ikigünlük bayram şənliklərinə əhalini küçə və meydanlarda xüsusi carçılar səsləyəcək. Onları süvarilər və faytonlar müşayiət edəcək.

Yubiley tədbirlərinin proqramı çox zəngindir. Belə ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi önündə Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında şair Məmməd Alimin əsəri əsasında hazırlanan "Gül və zəhər" tamaşası nümayiş olunacaq, sonra Milli Ordunun əsgərləri və idmançılar Şah İsmayıl Xətai prospekti boyunca yürüş edəcək.

Tədbir Gəncə darvazalarının yanında davam etdiriləcək. Burada aktyorların ifasında müxtəlif tamaşalar göstəriləcək. Proqramda görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin müzeyində Gəncə Dövlət Kamera Orkestrinin çıxışı da nəzərdə tutulub.

Bayram tədbiri Gəncənin mərkəzi meydanında keçiriləcək böyük el şənliyi və konsert proqramı ilə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə