“Buta” və “Bəşəriyyətin xilası” filmi tezliklə hazır olacaq

“Buta” və “Bəşəriyyətin xilası” filmi tezliklə hazır olacaq
Rejissoru İlqar Nəcəf olan "Buta" filminin üzərində Rusiyanın Sankt-Peterburq şəhərində səsləndirilmə işləri gedir. SİA-nın məlumatına görə, filmin ssenari müəllifi İlqar Nəcəf, operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədovdur. Film sabun istehsal edən şirkətin menecerinin uzaq bir dağ kəndinə düşməsindən danışır. Elə bir kənd ki, burada insanlar qablaşdırılan, etiketləşdirilən sabun görməyiblər. Menecerlə kəndçi qız Qönçə bir-birilərini sevirlər. Böyük şəhərdən gəlmiş bu adam get-gedə həmin kəndin insanlarına oxşamağa başlayır. Çünki kənddə bütün hadisələrin hamısı muncuq kimi bir-birinin ardınca düzülüb. Bu muncuq da əslində xalçadır.

Keçən il istehsala buraxılan və bu il çəkilişlərinə başlanılan "Bəşəriyyətin xilası" detektiv filminin çəkiliş prosesi də davam edir. Rejissoru Elxan Cəfərov, ssenari müəllifi Elza Şamaxinskaya, operatoru Nadir Mehdiyev, rəssamı Fikrət Ələkbərovdur.

Film Azərbaycanın elmi-tədqiqat institutlarından birində kimyaçı alimin yeni kimyəvi məhlul əldə etməsindən danışır. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Onun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib ondan neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda bu yolla insaniyyəti narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. "Bəşəriyyətin xilası" filmi gələn ilin yanvar ayında hazır olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə