Niyazinin mənzil muzeyində Qəbələdə keçirilən II Musiqi Festivalının iştirakçıları ilə görüş keçirilib

Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunun maestro Niyazinin mənzil muzeyində növbəti tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən II Musiqi Festivalının iştirakçıları ilə görüş keçirilib.

Görüşdə festival iştirakçıları – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, əməkdar artistlər, Beynəlxalq müsabiqələr laureatları Yeganə Axundova, Murad Hüseynov, pianoçu Səidə Tağızadə, violonçelist Aleksey Miltıx, Opera və Balet Teatrının solistləri əməkdar artistlər Gülnaz İsmayılova, Səbinə Əsədova, əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimov, əməkdar incəsənət xadimi Azad Əliyev, Fəridə Məmmədova və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova bildirib ki, Azərbaycanda belə yüksək səviyyəli festivalların keçirilməsi təqdirə layiqdir: "Bu festivalı təşkil elədikləri üçün təşkilatçılara və xalq artisti F.Bədəlbəyliyə öz təşəkkürümü bildirirəm".

Daha sonra Fərhad Bədəlbəyli qeyd edib: "Sevindirici haldır ki, bu günki görüşümüz bu mənzildə baş tutdu. Bu festival artıq II dəfədir ki təşkil olunur. Baxmayaraq ki, bundan əvvəlki festivalda bir sıra maddi problemlərimiz var idi. Lakin bu ilki festivalda elə də problemlərimiz yaşanmadı. Qəbələdə keçirilən II Musiqi Festivalı üçün nəzərdə tutulan səhnəni quraşdırmağa xüsusi firmalar dəvət olunmuşdu".

Xalq artisti F.Bədəlbəyli onu da vurğulayıb ki, bizim Azərbaycan ifaçıları həmin festivalda çox səviyyəli şəkildə çıxış edirdilər: "Bu fikirləri hətta festivala gələn xarici qonaqlar da dedilər. Onlar müsəlman ölkəsində belə bir musiqi mədəniyyətinin olduğunu təsəvvür etmirdilər. Biz bütün Avropa ölkələrində lazımınca çıxış etməyə hazırıq. Çünki bizim buna böyük imkanlarımız var. Musiqi mədəniyyətimizi daima xarici ölkələrdə inkişaf etdirməliyik".

Tədbirin sonunda klubun üzvləri festival haqqında təəsürratlarını bölüşürək musiqilər ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə