Opera və Balet Teatrı 102-ci mövsümünü yeni layihələrlə açacaq

Opera və Balet Teatrı 102-ci mövsümünü yeni layihələrlə açacaq
Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 102-ci mövsümünü açıq elan edəcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib. Onun sözlərinə görə, bu il də Üzeyir Hacıbəyovun 125 illik yubileyi ilə əlaqədar olaraq dahi bəstəkarın "Koroğlu" operası nümayiş olunacaq.

Tamaşada baş rolları- Koroğlu obrazını əməkdar artist Həsən Enami, Nigarı isə teatrın gənc solistlərindən olan İlahə Əfəndiyeva canlandıracaqlar. Digər rollarda isə xalq artisti Şahlar Quliyev, əməkdar artistlər Əli Əskərov, Əkrəm Poladov və başqaları çıxış edəcəklər.

Ş.Ağamirzəyeva onu da bildirib ki, Ü.Hacıbəylinin 125 illiyi çərçivəsində sentyabrın 26-da Üzeyir bəyin "Leyli və Məcnun" operası göstəriləcək. Lakin tamaşalarda baş rolları kimlərin ifa edəcəyi hələ dəqiqləşməyib.
Bundan başqa, sentyabrın 18-də həm də dahi bəstəkarın yaxın dostu və silahdaşı olan Müslüm Maqomayevində 125 illik yubileyidir. Bu münasibət ilə də teatrımız sentyabrın 23-də isə "Şah İsmayıl"ı səhnəyə qoyacaq. Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, artıq teatr mövsümü açıq elan edəndən sonra hər həftə təxminən 3-4 tamaşa nümayiş olunacaq.

"Hazırda Akademik Opera və Balet Teatrının rəsmi internet saytı üzərində bir neçə aydır ki, hazırlıq işləri gedir. Baxmayaraq ki, bizim teatrın saytı vardı, lakin oradakı işlər bizi qane etmədiyindən sayt yenidən hazırlanır. Yeni sayt daha dolğun məlumatlarla zəngin olacaq. Sentyabrın sonunda istifadəyə veriləcək saytda teatrda baş verən bütün yeniliklər, eləcə də nümayiş olunacaq tamaşalar haqqında məlumatlar yer alacaq. Bu sayt vasitəsi ilə KİV nümayəndələri teatrın fəaliyyəti haqqında istədiyi informasiyanı əldə edə biləcəklər. Bundan başqa, saytda həmçinin teatrda çalışan tanınan vokal sənətçiləri barəsində də məlumatlar öz əksini tapacaq"- deyə Ş.Ağamirzəyeva əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə