Musiqili Komediya Teatrı 101-ci mövsümə yeni layihələrlə başlayacaq

Musiqili Komediya Teatrı 101-ci mövsümə yeni layihələrlə başlayacaq
Yenicə yay məzuniyyətindən qayıdan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 101-ci mövsümünü Mədəniyyət və Turizm Nazirliyinin planlarına uyğun olaraq yeni layihələrlə zənginləşdirəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, bu layihələrə xaricdən dəvət olunan rejissorlar, yeni tamaşalar və teatrın 100 illik yubileyinin keçirilməsi daxildir.

Başqa bir yenilik də tamaşaçıların ürəyincə olacaq. Yeni mövsümdə A. Saqarelinin "Xanuma" əsəri iki dildə Azərbaycan və rus bölməsində tamaşaya qoyulacaq.

Tamaşaya quruluş verəcək Tbilisi Rustaveli Teatrının rejissoru Qoça Kapanadze Gürcüstanın tanınmış rejissorları sırasına daxildir.

Tamaşada əsas rollarda xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artistlər Xanım Qafarova, Əkbər Əlizadə, Səmayə Musayeva, Elçin Həmidov, Boris Qrafkin, aktyorlar Nərgiz Kərimova, Fərid Əliyev, Əzizağa Əzizov, Ramil Qasımov, Nahidə Orucova, Svetlana Bulax, Marina Litvenenko, Əliməmməd Novruzov iştirak edəcəklər.

Bu tamaşanın quruluşcu rəssamı Lomgül Murusidze, geyim üzrə rəssamlar Ketevan Titişvili və Tamuna Maçaraşvili də Gürcüstanın teatr aləminə yaxşı tanışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə