“Muğam axşamları” adlı layihəyə start verilib FOTOLAR

“Muğam axşamları” adlı layihəyə start verilib FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarına həsr edilən yeni "Muğam axşamları" adlı layihənin ilk konserti baş tutub. SİA-nın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin reallaşdırdığı layihə çərçivəsində ilk olaraq "Rast" muğamı ifa olunub.

Layihənin açılışında çıxış edən Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Azərbaycan muğamlarının qədimliyindən söz açıb. Bildirib ki, muğamları dinləmək və onun fəlsəfəsini gələcək nəsillərə çatdırmaq çox vacibdir. Layihənin əsas muğamları əhatə edəcəyini diqqətə çatdıran Lalə Hüseynova "Rast" muğamının xüsusiyyətləri haqqında fikirlərini bölüşüb.

Bildirilib ki, "Rast"ı bütün muğamların anası hesab edirlər. "Rast" muğamı ona görə muğamların anası hesab olunur ki, bütün muğamlar ondan törəmişdir. O, çox qədim tarixə malikdir. "Rast" muğamı bir neçə şöbə və guşələrdən ibarətdir.

Vurğulanıb ki, "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyən Üzeyir Hacıbəyli "Rast"ı indiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam adlandırıb.

Sonra Əməkdar İncəsənət Xadimi Aqil Məlikov, Əməkdar Artist Sevinc Sarıyeva, Naxçıvan MR-in Əməkdar Artisti Ehtiram Hüseynov, Mirələm Mirələmov, Aytən Məhərrəmova və Hüseyn Məlikov "Rast" ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa ediblər.

Ansamblın bədii rəhbəri Xanlar Cəfərovdur.

Qeyd edək ki, iyunun 30-dək layihə çərçivəsində Azərbaycan muğamları – "Şur", "Segah", "Cahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun" tanınmış muğam ifaçıları tərəfindən səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə