“Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin açılışı keçirilib FOTOLAR

“Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin açılışı keçirilib FOTOLAR

AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Reinkarnasiya – tarixi eksponatlar" sərgisinin açılışı keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d Səbuhi Əhmədov açıb. O, qeyd edib ki, sərginin mahiyyəti Azərbaycanın müasir rəssamlarının mədəniyyətimizi və tariximizi necə görmələrini nümayiş etdirməkdir. Belə ki, muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən tarixi eksponatlara gənc rəssam və heykəltəraşlar avanqard üslublu əsərlər vasitəsilə yenidən həyat veriblər. Məhz buna görə sərgi "Reinkarnasiya (ruhun yenidən qayıdışı) – tarixi eksponatlar" adlanır.

Daha sonra söz sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevə verildi. O, Aəzxrbaycan incəsənətində son dövrdə yaranmış cərəyanlar haqqında danışıb. Gənc rəssam və heykəltəraşların Azərbaycan tarixi və mədəniyyətini əsas mövzu kimi seçmələrinin təqdirəlayiq hal kimi qiymətləndirib. Z.Əliyev sərgi nümayiş olunan əsərlərin işlənmə üslubu, gənclərin yeni baxış tərzi haqqında məlumat verib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış sözündə layihənin qeyriadi, lakin bununla belə çox maraqlı olmasını vurğulayıb. O, layihədə iştirak etmiş rəssam və heykəltəraşlara təşəkkürünü bildirib. Layihə iştirakçılarına təşəkkürnamə, eləcə də muzeyin nəşrlərindən ibarət hədiyyələr təqdim edilib.

Sərgidə bir sıra yeni təsviri sənət və heykəltəraşlıq əsərləri yaratmış aşağıdakı rəssam və heykəltəraşların işləri nümayiş olunur: Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Eldar Babazadə, Elşən Qaraca, Həmid Məhərrəmov, Fərid Mirzəyev.

Təqdim olunan sərgidə Muzeyin 20 tarix eksponatı nümayiş olunur. Məhz bu eksponatları əsas götürərək rəssam və heykəltəraşlar 27 sənət əsəri yaradıblar.

Tarixi eksponatların yeni interpretasiyada, müasir baxış konteksində təqdim olunması onların xüsusiyyətlərini, tarixdə tutduqları yerlərini, bədii tərtibat səviyyəsini qabarıq göstərməyə imkan verir.

Sərgi 15 may – 2 iyun tarixlərində davam edəcək, sərgiyə giriş pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə