12-22 may 2017-ci il tarixlərində Bakı 2017 IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtımıza dünyanın 54 islam ölkəsinin 20 müxtəlif idman növü üzrə mübarizə aparacaq minlərlə atleti, çoxsaylı turistlərin gəlməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin son iclasında ölkəyə yarışlar zamanı gələcək turistlərə yardımçı olmaq üçün Bakı şəhərinin mərkəzi hissəsində xidmət göstərəcək "ASK ME-Məndən Soruş" turizm könüllülərindən ibarət qrupların yaradılması məqsədəuyğun hesab olunmuşdur. Bununla bağlı olaraq Mədəniyyət və Turizm Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə aparılmış məsləhətləşmələrdən sonra Azərbaycan Turizm və Menecment Universitetinin xarici dil biliyi olan tələbələrindən ibarət turizm könüllüləri qrupu (47 nəfərdən ibarət) yaradılıb.
Bu qrupa cəlb olunmuş tələbələrə müxtəlif təlimlər keçirilib, onlar Oyunların Təşkilat Komitəsi tərəfindən akkreditasiyadan keçirilmiş və üzərində "ASK ME" sözləri yazılıb Oyunların könüllüləri üçün nəzərdə tutulmuş geyimlə təchiz olunublar. Hər bir tələbə ilə müvafiq qaydada könüllülük müqaviləsi imzalanıb, o cümlədən tələbələr qəza sığortasından keçirilib, onlara Bakı şəhərinin bələdçi kitabları, turist xəritələri verilib, gomap turizm naviqasiya sistemindən istifadə etməklə turistlərə gedəcəkləri yerlərə yönəltmə haqqında məlumatlar verilib. "ASK ME" könüllülər qrupu 12-22 may tarixlərində turistlərin ən çox toplandığı yerlərdə, şəhərin mərkəzi hissəsində saat 11:00-dan 21:00-dək fəaliyyət göstərəcək, turistlərin ictimai yerlərdə qarşılaşacağı suallara cavab tapmaqda onlara yardımçı olacaqlar.
Tələbələr 2 nəfərlik qrup halında şəhərin mərkəzi hissəsində böyük ticarət (Gənclik, Metropark, 28 Mall və Park Bulvar) mərkəzlərində, metro stansiyalarının (Nərimanov, Gənclik, 28 May, Nizami, Sahil və İçərişəhər) çıxışlarında və turistlərin ən çox ziyarət edəcəkləri tarixi və mədəni (İçərişəhər qoruğu ərazisində, Fəvvarələr meydanında, Nizami küçəsində, Bakı dənizkənarı bulvar ərazisində, Heydər Əliyev Sarayının və Mərkəzinin qarşısındakı parklarda, Dağüstü parkda və s.) yerlərdə ümumilikdə 20 qrup olmaqla fəaliyyət göstərəcəklər.
Həmçinin "ASK ME" qrupunun üzvləri könüllü fəaliyyəti zamanı qarşılaşacaqları sualların qeydiyyatını aparacaq və oyunlar bitdikdən sonra aparılmış qeydiyyat turizm sahəsində tədqiqat işi kimi nəzərdən keçiriləcək. Bu tədqiqat şəhərin müxtəlif hissələrində turistlərin ən çox rastlaşdıqları problemlərin nələrdən ibarət olduğunu və turistləri ən çox hansı sualların düşündürdüyünü müəyyən etməyə imkan verəcək. Əldə olunmuş nəticələr bu səviyyəli gələcək tədbirlərə hazırlıq işlərində istifadə olunacaq.
Qeyd olunanları, IV İslam Həmrəylik Oyunlarının ölkəmiz üçün əhəmiyyətini nəzərə alaraq, bütün Bakı sakinlərindən bu tələbələrə ərazidəki fəaliyyətləri zamanı yardımçı olmalarını xahiş edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB