Azərbaycan və Avropa Universitetləri arasında əlaqələr möhkəmlənir

Azərbaycan və Avropa Universitetləri arasında əlaqələr möhkəmlənir

Azərbaycan Turizm və Menecment Universitetində İspaniya Krallığının Jirona Universitetinin nümayəndələri ilə Avropa Birliyinin Tempus layihəsi çərçivəsində görüş keçirilib. SİA-nın məlumatına görə, ATMU 2014-ci ildən etibarən məlum proqramın "Gürcüstan, Azərbaycan və Moldovada turizm sənayesinin inkişafı üçün mehmanxana menecmenti üzrə bakalavr-magistr hazırlığı" layihəsində ən fəal üzvlərdən birinə çevrilib.

Adıçəkilən layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Moldova, Rumıniya, Portuqaliya, Fransa və İspaniya Krallığının turizm sənayesi üzrə ixtisaslaşan müxtəlif təşkilat və ali təhsil müəssisələri qarşılıqlı formada əməkdaşlıq edirlər. Layihənin əsas təşəbbüskarı Portuqaliyanın Espino ali məktəbi, əsas koordinatoru isə Fransanın Qrenobl Akademiyasıdır. Layihənin həyata keçirilməsinin əsas məqsədi otelçilik ixtisası üzrə ali təhsil proqramlarının təkmilləşdirilməsi və otelçilik menecmenti ixtisası üzrə perspektivli bakalavr və magistratura pilləsi üçün proqramların hazırlanmasıdır. Görüş çərçivəsində ATMU və Jirona universiteti arasında ikili diplom ilə bağlı niyyət protokolu imzalanıb.

Qərara alınıb ki, 2 ay müddətində əməkdaşlığın forması tam olaraq hər iki universitetin müvafiq qurumları tərəfindən müəyyən edilsin və əsas əməkdaşlıq müqaviləsi üçün hazırlansın.

Bütün xəbərlər Facebook səhifəmizdə