Əsl novatorluğu xalqın həyatından canlı ənənələrindən, milli zəmindən ayrı təsəvvür etmək mümkün deyil.
F.Əmirov
Yalnız varislik ənənələrindən yararlanmaq sabaha doğru addım atmaq deməkdir. Bu baxımdan öz ifası ilə böyük tamaşaçı kütləsinin rəğbətini qazanmış tar musiqi alətinin mahir ifaçısı Elman Sadıqovun yaradıcılığı ilə bağlı fikirlərimizi bölüşmək istərdik.
Elman Sadıqov 1968-ci ildə Qubadlı rayonunun Poladlı kəndində anadan olub. 1975-85-ci illər Qubadlı rayonunun Q.İlyasov adına orta məktəbində təhsil alıb. 1976-1980-cı illər Qubadlı rayon musiqi məktəbini bitirib. 1981-ci ildə Bahar Uşaq Musiqi festivalında birinci yeri tutub, 1986-1988-ci ildə hərbi xidməti yerinə yetirib. 1990-1995-ci illər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb. 1992-ci ildə Əhməd Bakıxanovun anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqədə laureat olub. 1996-1997-ci illər Bakı Musiqi Akademiyasında müəllim kimi fəaliyyət göstərib. 2007-ci illərdən bəri dünyanın bir çox ölkələrində İngiltərədə, ABŞ-da, Almaniyada masterklasslar göstərib. Hal-hazırda Qubadlı rayon musiqi məktəbində müəllim kimi çalışır. O, sələflərinin ifasında səslənən muğam parçalarını dönə-dönə dinləyib, bu hissələri bir forma hüdudunda ardıcıllaşdıraraq icra edir. Nəticədə köhnə muğam parçalarının monodik quruluşu, melodik qurumları, motiv və frazalar dərindən tədqiq edilərək qarşı tərəfə ötürülmüş, qədim monumental üslub qorunub saxlanılaraq, XIX əsrdə yaşamış xanəndə və sazəndələrin ənənələrinə sadiqlik öz təcəssümünü tapır.
Yaxşı ki, klassik muğam ifaçılarımız özlərindən sonra xeyli irs qoymuşlar. Bu sərvət də vallarda, maqnitafon, video, yaşlı nəsil xatirələrində muzey və arxivlərdə qorunub saxlanılır.Mənbələrdən alınan məlumata görə klassik muğam ustaları dəsgahı 3-4 saat icra edərdilər. Ustad sənətkarlar, sələflərinin davamçıları olaraq muğamı zənginləşdirmək üçün axtarışlar aparmış, hər biri öz ifa tərzinə xas icra etmişlər.İfaçılıq palitrasını zənginləşdirmək üçün bir sıra ifa üsullarına müraciət edib, yeni guşə, şöbələr yaratmışlar.Həmin şəxslərdən bəziləri musiqinin bir çox sahələri üzrə xüsusi istedada(xanəndəlik üzrə, müxtəlif alətlərdə ifa, ritmik əsasda hər hansı bir zərb alətinə yiyələnmək) malik idilər.
XIX əsr Azərbaycan Musiqi mədəniyyətinin ən görkəmli simalarından Əli Əsğər, onun tələbəsi Mirzə Sadıq Əsəd oğlu, Hacı Hüsü, Məşədi İsi, Mirzə Muxtar, Mirzə Fərəc, Mirzə Mənsur və başqalarının adını çəkə bilərik. Onlar Azərbaycan klassik musiqisinin əsas cəhətlərini dərindən öyrənib bilərək, hörmət və nüfuz qazanmışlar. Məhz bu şəxsiyyətlərin bizə yeganə yadigar qalan qrammafon valları, cədvəllər, tədqiqat üçün vacib şərtlərdəndir.Hazırda bir çox muğam ustaları bu istiqamətdə çalışır, yaradıcılıq yollarında müxtəlif sınaqlardan keçərək, təcrübələr qazanırlar.Hər bir muğamın təşkilində əsas yeri melodiya tutur. Melodiya muğamatın canıdır. Hər bir muğam öz melodiyasına görə tanınır. Muğamlarda imitasiya, səs altı polifoniya ünsürləri özünü göstərirsə, Elman Sadıqovun ифасындa səslənən muğam ifaları burdonlu polifoniya və imitasiyadan məhrumdu. Muğam instrumental şəkildə olub, tar və qaval ilə ifa olunur. Digər tədqiq edilən muğam formaları kimi Elman Sadıqovun ifa etdiyi muğamlar sistemə salınmış kanonizə edilmiş kiçik muğam parçalarından ibarətdi. Həm muğam parçaları, həm də daxilindəki bölmələrin tonallıq səviyyəsi ardıcıl yüksəlmə prinsipi ilə qurulur.Registrin dəyişməsi getdikcə zilə çıxması onun emosional keyfiyyətinə təsir edir, ekspressivlik tədricən genişlənir, emosional gərginlik artır. Nəticədə kulminasiyada musiqinin gərginliyi son həddə çatır, mayeyə qayıdışla şərtlənir. Ənənəvi tip ilə yanaşı muğam parçaları, mahnı və rəqslərin ardıcıllığından ibarət qarışıq musiqi forması mövcuddur.Bu cür formaları Elman Sadıqovun icra etdiyi Mahur-Hindi muğamının icrasında sezə bilərik. Muğamın ifasında ön planda duran alət-tarın özünəməxsus üslubda ifası, əvvəlki şöbə və guşələrin qorunub saxlanılmasına imkan yaradır. İnkişaf üçün zəmin rolu oynayır.Bir musiqi aləti, mənsub olduğu xalq haqqında dolğun, gerçək məlumat verir. Tar, Azərbaycanın və Yaxın Şərq ölkələri xalqlarının geniş istifadə etdiyi qədim musiqi alətidir. Jan Dürinq tarın tarixini araşdırıb yazır: "Rübablara daha yaxın olan həmahəngli səsli tellərə malik tar həmişə Qafqazdan İrana gətirilmişdir". Mənbələrə görə, Azərbaycanda 5,11,13,18 simli tar yayılmışdır.
Ə.Bədəlbəyli yazır: "Musiqişünaslıq ədəbiyyatında Mirzə Sadıq tərəfindən tarda simlərin artırılması dəfələrlə qeyd edilmiş, lakin böyük ustadın bu islahatdan nə məqsəd yürütdüyü və tarın səslənmə keyfiyyətinin yaxşılaşdırılması işində bu yeniliklə nə kimi səmərəli nəticə əldə etdiyi, təəssüf ki, hələlik ətraflı surətdə şərh edilməmişdir".
Türkiyə musiqi alimi Rauf Yektabey, Məşədi Cəmil Əmirovdan aldığı məlumat əsasında belə yazır: "Əli Şirazinin İrandan gətirdiyi tarın yalnız 5 teli var ikən Sadıq 18 telli bir tar icad edərək həyatında həp onunla tərənnümaz olmuş, məhəza şimdiki tarlardakı Cəmil Əmirov bəyin əlində tutduğu tar bu cinsdəndir. Yalnız 13 teli mövcuddur. XX əsr Azərbaycan xalq musiqisinin ifaçılıq adətinə görə xanəndə oxuyanda tarın və kamançanın müşayiəti ilə oxuyardı. Bu adəti ilk dəfə pozan Seyid Şuşinski olmuşdu. O, səhnəyə tar və kamançasız çıxaraq o zaman İtaliyada musiqi təhsilini yenicə bitirib, Tiflis şəhərinə gələn İran konsolu Məcid-əl Səltənənin qızının fortepianoda müşayiəti ilə ayaq üstə "Bayatı-İsfahan" muğamını oxuyur. Buna oxşar faktor Elman Sadıqovun ifasında səslənən muğamlara da şamil oluna bilər. İcra yalnız instrumental tərzdə tar və qavalın müşayiəti ilə aparılır. Deməli, Sadıqcanın dövründə tar 18 simli idi. Bu da Qarabağ xanəndələrinin bəm və zil səslərinin, muğamın ümumi formasının aşağı-yuxarı registrlərdə ifası üçün zəmin rolu oynayırdı. Əsas məqsəd alətin akustik-fiziki cəhətdən təkmilləşdirilməsindən ibarət idi. Bu nəzərdən Mirzə Sadıq Əsəd oğlunun apardığı islahatlar müəyyən vaxtdan sonra tarixi hadisələrlə əlaqədar keçmiş Sovetlər İttifaqında birləşən müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da temperasiyalı musiqi sisteminə keçməklə əlaqədar öz inkişafını dayandırsa da bu gün artıq XXI əsrdə Beynəlxalq muğam festivalları çərçivəsində keçirilən simpoziumlarda müxtəlif ölkələrdən təşrif buyuran musiqişünaslar yeni özünəqayıtmaq tendensiyasını qabardaraq varislik ənənələrinin yenidən bərpasını tələb edirlər. Bu faktorlar Azərbaycan musiqişünaslarını da bir neçə illər bundan əvvəl düşündürmüşdür.
Onlardan Elxan Babayev 1998-ci ildə özünün "Şifahi ənənəli Azərbaycan musiqisində intonasiya problemləri", "Ənənəvi musiqimiz" adlı elmi əsərlərində tarın bütün yarım pərdələrinin ardıcıl not sırasını vermişdi. Varislik ənənələrinin davamı kimi Elman Sadıqovun ifa etdiyi alətin icrasında səslənən muğamlar sovet dövründən əvvəlki muğam ifa tərzini özündə canlandıra bilmişdi. Bu istiqamətdə internet resurslarında Elman Sadıqovun ifasında təqdim olunan video görüntülər ilə muğamın ifa üsullarının canlı şahidi oluruq. Bu baxımdan Elman Sadıqov tar musiqi alətinə yeni rakursdan baxaraq, həm köhnə ənənələri, çalğı texnikasını, ifa üsullarını bərpa etmiş, həm də yenilik gətirərək, digər şərq musiqi alətlərinin, bu alətdə səslənməsi üçün müəyyən çalğı texnikasından istifadə etmişdir. Çalğı texnikasından Mizrabi-dəstgari, Mizrabi Zirəfkənd, Mizrabi-gülruz, Zənge-şotor və s. işlətdiyi mizrab üsullarına uyğun lal barmaq, sürüşdürmə barmaq (qlissando), dartma sim (vibrasiya) kimi ifa üsullarından, mordent və trellərdən, tarın imkanlarını üzə çıxaran bütün vasitələrdən istifadə etmişdir. Bu ştrixlərdən istifadə olunaraq keçmiş yenidən canlanır, özünəməxsus çalğı üsulu əldə olunur, nəticədə icra tamamilə fərqlənir.İtmiş, unudulmuş muğamlarımızın üzə çıxması üçün riyazi hesablamalar aparılmış, xüsusi ifa üsulu əldə edilərək 7 alət-tar, setar, səntur, ud, saz, rübab, qanun alətinin səsi mizrrab üsulları vasitəsilə canlandırılmışdır. Tara köhnə ənənələrin qayıtması qeyri müsəlman ifaçıların onda ifasının qarşısına sədd çəkir və aləti özəlləşdirməkdən çəkindirir. Sovet dövründə tarın ifa tərzinə asanlaşdırılmış formul gətirildiyinə görə qonşu qeyri-müsəlman dövlətləri hazırda muğamlarımızı ifa etməkdən çəkinmirlər.
E.Babayev yazır: "Bizə elə gəlir ki, dəstgahlarımız peşəkar musiqimiz kimi Üzeyir Hacıbəyovun yaradıcılıq fəaliyyəti nəticəsində yenidən yaranmışdır".
Azərbaycan muğam dəstgahları Şərq mədəniyyətinin ümumi axarından onilliklərlə aralı düşsə də, onun hissəciyi olaraq qalır. Şərq alimlərinin yaratdığı çox əsirlik ənənələrdən yararlanma, monodik musiqi sənətimizə xeyli miqdarda fərdi xüsusiyyətlər gətirdi. Əgər Şərq musiqişünaslarının tədqiqat əsərlərində mikrointerval səs şkalası əsas götürülürsə, və qeyri- müəyyən temperasiya sistemində müəyyən intervallar adlanırsa, Sovet dövründə Azərbaycan musiqi elmində bərabər temperasiya quruluşuna üstünlük verilir. Yəni səsin zona təbiəti ilə mikrointerval quruluş ara mövqe tutur. Üzeyir bəy tarın pərdələrinə əl gəzdirib onları bərabər temperasiya kökünə uyuşdurmuşdur. Nəticədə neytral pərdələrdən bir qismi dəyişdirilmiş, bir qismi yerində qalmış, bir qismi isə tamamilə ixtisar edilmişdi. Bu da öz növbəsində dəstgahın guşələrində, şöbələrində dəyişikliklərə səbəb oldu. Müəyyən bir pərdənin itməsi nəticəsində bütöv muğam və ya şöbə musiqimizdən kənarda qalmışdır. Bu mənada Elman Sadıqovun icra etdiyi tar musiqi alətində yeni muğam pərdələri yaranır ki, bu da dəstgahın obraz mənzərəsini genişləndirir, dairə daxili pərdələrin sayını artırır.
Elman Sadıqov ənənələrin davamçısı kimi həm Qarabağ xanəndələrinin hər birinin ifasından dinlədiyi muğam intonasiyalarını bir-bir öz təfəkkür süzgəcindən keçirib, icra edilən səslərin hər birini tədqiqat obyektinə çevirdiyi tarda səsləndirərək yeni-yeni pərdələr açmış və onların sayını 40-a çatdırmışdır. Tarın üzərindəki 13 simin 13-ü də hər biri bir aşığa bağlanır. Bununla aşığların sayı simlərin sayına bərabər yerləşdirilir. Bu mövqedən tarın bütün pərdələrini ardıcıl surətdə nota salan E.Babayev 2 oktavadan 32 pərdədən ibarət natamam mikrointerval səs şkalası əldə edir. Belə nəticə əldə olunur ki, Mirzə Sadığın təkmilləşdirdiyi tarın simlərinin sayı görünür, təxminən onun ölümündən sonra, 30-cu illərin əvvəllərində 11-ə enmişdi. Bunu həmin illərdə yaranmış tarlar sübut edir.

Bu sistem ənənələrin yenidən bərpası, yaşaması üçün müəyyən rol oynayır. Səslər tarın qrifi üzərində fiksajlanaraq 49 pərdəli mikrointerval şkala yaradır. Tar üzərində həkk edilən həmin mikrointerval şkala fizika-riyaziyyat elmləri nanizədi Şamil Hacıyev tərəfindən özünün hazırladığı kompyuter proqramı və hesablamaları əsasında tərtib edilmiş bu gün üçün aktual problemlərdən sayılır.
Sürəyya Ağayeva Şamil Hacıyevlə birlikdə yazdıqları məqalədə deyilir: "Üzeyir Hacıbəylinin Azərbaycan musiqisini yaradarkən temperasiyalı sistemdən istifadəsinin digər obyektiv səbəblərindən biri o dövrdə Sovet dövlətinin ideologiyasının xüsusiyyətləri ilə bağlı idi. Tarixi faktlar göstərir ki, müxtəlif incəsənət sahələrində -istər musiqidə, istər təsviri sənətdə və ya teatr sahəsində artıq qəbul olunmuş qaydalardan kənara çıxan hər bir addım burjua kapitalizmi təmayülü kimi qəbul olunurdu. Hadisələrin bu cür dəyərləndirilməsi şərq musiqisi nəzəriyyəsinə, o cümlədən Azərbaycan məqamlarına münasibətdə də özünü göstərirdi. Eyni zamanda milli musiqinin səs sistemində müxtəlif həcmli mikrointervalların olması inkarolunmaz fakt idi və o dövrün ideoloji prinsiplərinə uyğun olan şərhini tələb edirdi".
Artıq bu tarda muğam ifaçılığında istifadə olunan bütün mizrab növlərindən istiadə edilir. Muğam ifaçılığında istifdə olunan mizrabların adlarını təqdim etmək istəyirik: Rüxt mizrab, Mizrabi sazikar, Əlif mizrab, Döymə mizrab, Mizrabi pərvanə, Mizrabi tirzək, Mizrabi gülriz, Qoşa mizrab, Qoşa mizrab, Çahar mizrab, Mizrabi hali-qal, Dəstqari, Mizrabi şapalaq, Mizrabi çırtıq.
Mirzə Mənsur 70-dən artıq mizrab növü bilirdi.Müasir dövrün tarzənləri tərəfindən muğam iaçılığınd üst, alt, səntur, tremolo üsullarından istifadə olunur. Artıq bu tar mizrabların müxtəlif növlərindən istiadəsi nəticəsində Şərq aləminə məxsus polifonik çox səsli yaratmaq imkanı əldə edir. Elman Sadıqovun icra etdiyi tar musiqi aləti, muğam ifasına, oxuma sənətinə böyük təsir göstərərək formanı bütövləşdirir, daxilindəki mövzuları dərin məzmunlu, rəngarəng edir. Bütün bunlar tarın texniki imkanlarına əsaslanaraq səviyyəvi ifa ənənələri yaradır. Klassik və müasir tarzən və xanəndələrimiz, tədqiqatçılarımız professionallığı ilə həmişə bir-birinə dayaq olub, muğamı öz məcrasında icra etmiş, öyrənmişlər. Muğam sənətimizin ölməzliyi, həmişə yaşarlığı bu gün böyük fədakarlıqla qorunur.
Tanınmış sənətkarlardan Nəriman Əliyev, Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Qəzənfər Abbasov, Firuz Səxavət, Alim Qasımov,Mənsum İbrahimov, Möhlət Müslümov, Firuz Əliyev, Vamiq Məmmədəliyev, Ağasəlim Abdullayev və digərlərinin ifaçılıq üslubundan öyrənilməli cəhətlər çoxdur. Nəticə olaraq qeyd edək ki, Elman Sadıqovun icra etdiyi tarın qrifi üzərində açılan hər bir zona daxilindəki pərdəciklər yeni muğam parçasının yaranmasına xidmət edir. Azərbaycan muğam sənətinə töhfədir.
Kəmaləxanım Əsədullayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB