MEK-in təşkilatçılığı təqdimat keçirilib FOTO

MEK-in təşkilatçılığı təqdimat keçirilib FOTO

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Dissertasiyalar və avtoreferatlar fondunun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimatçı MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Alidə Həsənova kitabxanaya daxil olan dissertasiyalar haqqında məlumat verib. Onun sözlərinə görə dissertasiyalar müəlliflər tərəfindən kitabxananın Fondların formalaşdırılması bölməsinə çap və elektron formada təqdim olunur. A.Həsənova qeyd edib ki, sənəd Komplektləşdirmə və sistemləşdirmə bölməsində müvafiq proseduru keçdikdən sonra, Kataloqlaşdırma bölməsində işlənərək fondda öz yerini tutur.

Çıxışçı fondda Azərbaycan, rus və ingilis dillərində dissertasiyaların mühafizə olunduğunu diqqətə çatdırıb: "Sovet dövründə dissertasiyalar rus dilində işlənirdi. Ona görə də rus dilində 3146 ədəd dissertasiya var. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dissertasiyalar azərbaycan dilində yazılmağa başladı. Bu gün Dissertasiya fondunda 2624 ədəd dissertasiya mühafizə olunur. Yardımçı fondda 317 ədəd azərbaycan, 51 ədəd rus, 4 ədəd isə ingilis dilində dissertasiya saxlanılır". Ümumilikdə 2941 ədəd azərbaycan, 3197 ədəd rus, 4 ədəd ingilis dilində dissertasiya var. İlk dissertasiya 1949-cu ilə aiddir".

Təqdimatda 2017-ci ilin aprel ayı ərzində isə kitabxanaya 12 dissertasiyanın daxil olması bildirilib. Digər təqdimatçı İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Lalə Məmmədova MEK-ə daxil olan avtoreferatlar haqqında məlumat verərək, onların hamısının yardımçı fondda yerləşdiyini deyib. Onun sözlərinə görə avtoreferatlar 1949-cu ildən 2017-ci ilə qədər olan dövrü əhatə edir. Onların 29798 ədədi rus, 18246 ədədi Azərbaycan dilində yazılıb. Avtoreferatların 875 ədədi isə elektron variantda tədqiqatçıların istifadəsindədir. Aprel ayında kitabxanaya 78 yeni avtoreferat daxil olması barədə məlumat verilib.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova son zamanlar keçirilən təqdimatların formal formatdan çıxdığını, müxtəlif zallarda təqdim edildiyini vurğulayıb. MEK komandasının multiprofilli komanda olduğunu dilə gətirən direktor, əməkdaşların mənbələri elektron kataloqa sürətlə və peşəkarlıqla daxil etdiklərini vurğulayıb. L.İmanova qeyd edib ki, MEK komandası Azərbaycan kitabxana informasiya məkanı üçün ən sürətli elektron kataloqun hazırlanmasında aktiv iştirak edir. Milli Rəqəmsal Yaddaş (MRY) layihəsini xatırladan direktor bütün əməkdaşlara qarşılarına çıxan mənbələrdə MRY daxil edilə biləcək ədəbiyyatları seçərək təqdim etmələrinin vacib olduğunu dilə gətirib.

Təqdimatda iştriak edən AMEA Fəlsəfə İnstitutunun elmi işçisi Əntiqə Paşayeva, AMEA Tarix İnstitutunun əməkdaşı Yaqut Əmirova MEK-in peşəkar personalını, imkanlarının genişliyini, yeni texnologiya ilə təchiz edilmiş zallarını yüksək qiymətləndirdilər. MEK-in hər ay bir neçə dəfə böyük konfranslara, təqdimatlara ev sahibliyi etməsinin kitabxanaya yeni baxış gətirdiyini deyən çıxışçılar bunun elmi ictimayyət tərəfindən müsbət qarşılandığını vurğulayıblar.

Xatırladaq ki, Azərbaycanın elmi ictimaiyyətində müəyyən əhəmiyyətli və geniş tədqiqat işi tələb edən, elmin müxtəlif sahələrinə - tarix, ədəbiyyat, kimya, dilçilik, kənd təsərrüfatı, incəsənət, fizika-riyaziyyat və s. mövzularda müdafiə olunan dissertasiya və avtoreferatlar digər büyün ədəbiyyatlar kimi MEK-də mühafizə olunur və oxucuların istifadəsindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə