Forumun iştirakçıları üçün konsert proqramı təşkil edilib

Forumun iştirakçıları üçün konsert proqramı təşkil edilib

Mayın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları üçün konsert proqramı təşkil edilib. Konsertdə Xalq Artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, mayın 6-dək davam edəcək Forum nüfuzlu beynəlxalq qurumları - UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır.

Forum çərçivəsində 40-dək sessiya və tədbir keçiriləcək. Forumda 120-dək ölkə rəsmisi, 50-dək beynəlxalq təşkilatın nümayəndəsi, 50-dən çox qeyri-hökumət təşkilatı iştirak edir. Ümumilikdə tədbirə təqribən 800-dən çox xarici nümayəndə qatılıb. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir. (AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə