“Karyerada ilk addım” devizi altında məşğulluq yarmarkası keçirilib FOTOLAR

“Karyerada ilk addım” devizi altında məşğulluq yarmarkası keçirilib FOTOLAR

Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstəyi Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində "Karyerada ilk addım" devizi altında məşğulluq yarmarkası keçirilib. SİA-nın məlumatına görə, yarmarkanın təşkil olunması gənclərin, o cümlədən ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunlarının turizm sahəsi üzrə əmək bazarına inteqrasiyasının dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması məqsədi daşıyır.

Qonaqlar əvvəlcə əmək yarmarkasında təqdim olunan vakant iş yerləri ilə tanış olublar.

Tədbirlə bağlı jurnalistlərə açıqlama verən Səlim Müslümov Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkəmizin dayanıqlı iqtisadi inkişafına səbəb olmaqla, yeni iş yerlərinin açılmasına, əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılmasına şərait yaratdığını vurğulayıb. Nazir görülən işlərin müsbət nəticəsi kimi Azərbaycanın gənclər arasında ən aşağı işsizlik səviyyəsinin olduğu ölkələr sırasında yer tutduğunu bildirib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək resurslarının reallaşdırılmasına yönələn tədbirlərin bir istiqaməti də gənclərin əmək bazarında fəal iştirakının təmin olunmasına yönəlib. Bu tədbirlərin davamı olaraq cari ilin ilk rübü ərzində nazirliyin məşğulluq orqanlarının xətti ilə münasib işlərlə təmin edilənlərin 30 faizi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 70 faizi gənclərdən ibarət olub. Sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına çıxış imkanlarına yiyələnmələri üçün müvafiq işlər aparılır".

Nazir diqqətə çatdırdı ki, dövlət başçısının müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının iştirakçılarının da bir hissəsini gənclər təşkil edir. Bununla bərabər, əmək bazarına daxil olmağa hazırlaşan gənc işçi qüvvəsinin gələcək karyeralarını əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara uyğun şəkildə, düzgün müəyyən etmələri üçün təkcə bu ilin birinci rübündə 32,1 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizm sənayesinin dinamik inkişaf etdiyini və ölkəmizə gələn xarici turistlərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artdığını vurğuladı. Bildirdi ki, Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində hazırda mühüm işlər həyata keçirilir. Belə yarmarkaların təşkil olunması da əmək fəaliyyətinə başlamaq ərəfəsində olan gənclər üçün xüsusi əhəmiyyət kəsb edir.

Nazir vakant iş yerləri təqdim edən şirkətlərin əsasən turizm sənayesi və ona yaxın sahələrdən olmasının önəminə diqqət çəkdi: "Ölkəmizdə turizm sənayesinin daha da inkişaf etdirilməsi üçün bu sahənin ixtisaslı kadrlarla təmin olunması vacib məsələlərdəndir. Mədəniyyət və Turizm Nazirliyi turizm sənayesinin ixtisaslı kadrlarla təmin olunması məqsədilə müntəzəm işlər həyata keçirir. Bakıda və regionlarda turizm müəssisələrinin işçiləri üçün mütəmadi olaraq kurslar, treninqlər təşkil olunur. Azərbaycan Turizm və Menecment Universitetinin tələbə və məzunları üçün "Karyerada ilk addım" devizi altında hər il keçirilən aktiv məşğulluq tədbirləri bu baxımdan mühüm dəstək rolunu oynayır. Eyni zamanda belə tədbirlər turizm sahəsi üzrə ixtisaslara yiyələnmiş gənclərimizin öz ixtisaslarına uyğun karyera qurmaq imkanlarına malik olmalarına, turizm sektorunda fəaliyyət göstərən işəgötürənlərlə əlaqələrinin yaranmasına, bir sözlə, onların əmək bazarına fəal inteqrasiyasına şərait yaradır".

Vurğulanıb ki, yarmarkada 73-ü özəl, 4-ü dövlət sektoruna aid olan 77 müəssisə tərəfindən 237 vakant iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 6-sı dövlət, 231-i isə özəl müəssisələrə aiddir.

Qeyd edək ki, yarmarkada tələbə və məzunlar mövcud əmək bazarında onların yiyələndikləri ixtisaslara olan tələbat barədə məlumat əldə edir, işləmək istədikləri müəssisələrin nümayəndələrinə özləri haqqında bilgi veririblər. Tədbirdə vakant iş yerlərinə göndərişlər verilməklə bərabər, ixtisasartırma kurslarına və ya asudə vaxt ərzində əmək birjası vasitəsilə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər də qeydiyyata alıb.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən mehmanxanalar, turizm şirkətləri və aidiyyəti müəssisələr tərəfindən vakant iş yerləri və karyera planları haqqında ətraflı məlumatlar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə